"Pandemiyaya görə sayı azaltmaq məcburiyyətində qalmışıq"

7 Mart 2021 14:40 Problem 615
"Pandemiyaya görə sayı azaltmaq məcburiyyətində qalmışıq"

Azərbaycan telekanalları və radioları bu il keçiriləcək “Formula-1” üçün media akkreditasiyasından keçə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, buna səbəb yarışın pandemiya şəraitində keçirilməsidir.

Yalnız media akkreditasiyasından yayım hüququ olan AzTV-yə (“İdman TV”) akkreditasiya veriləcək.

Bundan başqa, yerli və xarici yazılı KİV nümayəndələrinin sayında da azalmalar olacaq. Burada əvvəllər “Formula-1” üçün akkreditasiya almış və bu yarışı işıqlandırmış yerli saytlara üstünlük veriləcək.

4-6 iyun tarixlərində keçiriləcək yarış üçün təxminən 50-dən çox yerli media nümayəndəsi qeydiyyatdan keçə biləcək. Ümumilikdə isə 150-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatına icazə veriləcək.

Media akkreditasiya prosesi bugündən başlayıb və martın 20-dək davam edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri t Ayan Nəcəf-Ağayeva Azərbaycan Qran-prisi üçün media nümayəndələrinə qoyulan tələblərdən söz açıb:

"Əsas məhdudiyyətlərdən biri odur ki, yalnız yayım hüququ olan televiziyalar yayım üçün əraziyə buraxılacaq. Bunlar isə "Formula 1 Management"lə birbaşa kommersiya müqaviləsi olan televiziyalardır.

Azərbaycanda isə bu müqavilə "İdman TV" ilə mövcuddur. Yayım hüququ olmayan TV-lər müsahibələrdə, mətbuat konfranslarında və xüsusi sujetlərdə yayım həyata keçirirdilər.

Bu il isə yayım hüququ olmayanlar yarış zonasına və mətbuat mərkəzinə buraxılmır. Bu da yarışda risklərin, xüsusən, pandemiya riskinin azalması üçündür.

Azərbaycan da istisna deyil, bizdə də bu televiziyalar olmayacaq. Yazılı mətbuat və fotoqraflarda ciddi azalma, məhdudiyyət gözləmirik.

Lakin pandemiyaya görə iş oturacaqlarının sayını azaltmaq məcburiyyətində qalmışıq. Bu səbəbdən, biz 150-dək media işçisi planlaşdırırıq. 150 medianın içində həm yerli, həm də xarici KİV nümayəndələri olacaq.

Bu da onu göstərir ki, yarış azarkeşsiz keçirilsə də, təbliğat və media dəyəri özünü qoruyub saxlayır. Ona görə də yarışı keçirmək bizə faydalıdır".

Digər Xəbərlər
Xəbər Lenti