
Azərbaycan Premyer Liqasında XXIII, XXIV və I Divizionda XXI-XXII turlar təxirə salınacaq.
Bu barədə Sportinfo.az-a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.
Onun sözlərinə görə, AGİN və Nazirlər Kabinetinin ölkə üzrə verdiyi qərarlar bu addımı atmağı zərurətə çevirib:
"Gənclər və İdman Nazirliyi dünən açıqlama yararaq, ölkə ərazisindəki bütün idman qurğularının fəaliyyətini dayandırdığını bildirib. Onların nə vaxt açılacağı bilinmir.
Həmçinin Nazirlər Kabineti qərar verib ki, bütün kütləvi tədbirlər 1 ay ləğv olunur. Bu, o deməkdir ki, Peşəkar Futbol Liqası aprelin 14-dək çempionatı bərpa edə bilməyəcək.
Bir də, bilirsiz ki, UEFA martın 17-də video-konfrans keçirəcək. Orada kütləvi futbol.tədbirləri, o cümlədən, AVRO-2020 ilə bağlı bir sıra mühüm qərarlar veriləcək. Bu qərarlardan çox şey asılıdır.
Ondan sonra biz də hansı addımlar atacağımızı müəyyənləşdirəcəyik. Avropa çempionatı öz vaxtında keçiriləcək, 1 il sonraya təxirə salınacaq, yoxsa başqa vaxta keçiriləcək - bunların dəqiqləşməsi bizim üçün də vacibdir".
Azərbaycan Premyer Liqasında XXIII turun oyunları 4-5 apreldə, XXIV turun matçları isə 11-12 apreldə keçirilməli idi. I Divizionda isə isə XXI tur 2-3 apreldə, XXII tur isə 9-10 apreldə olmalı idi.
PFL daha öncə Premyer Liqada XXI və XXII, I Divizionda isə XX turun təxirə salındığını açıqlayıb.