“Neftçi” 243 min 413 manat zərər gördü - HESAB-KİTAB

12 May 2021 21:20 Premyerliqa 1 602
“Neftçi” 243 min 413 manat zərər gördü - HESAB-KİTAB

Daha üç premyer-liqa klubu maliyyə hesabatını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın ardından “Qarabağ”, “Sumqayıt” və “Neftçi” ictimaiyyətə rəqəmləri təqdim edib.

“Qarabağ Futbol Klubu” MMC 2020-ci ili 3 milyon 491 min 100 manat zərərlə başa vurub. 2019-da zərər 1 milyon 92 min 700 manat olub. Bir sözlə, zərər 3,5 dəfə artıb.

Ötən il "Qarabağ" 12 milyon 584 min 700 manat, əvvəlki il isə 8 milyon 620 min 700 manat gəlir əldə edib. Bunun 11 milyon 947 min 100 manatı yayın hüququndan, 637 min 600 manatı isə sair gəlirlərdən daxil olub.

İl ərzində klubun xərcləri 6 milyon 222 min 300 manat azalaraq 16 milyon 75 min 800 manat təşkil edib.

Bunun 9 milyon 11 min 800 manatı əməkhaqqı və mükafat verilməsinə, 707 min 909 manatı əsas vəsaitlərin amortizasiyasına, 1 milyon 723 min 600 qeyri-maddi aktivlərin köhnəlməsinə, 4 milyon 623 min 500 manatı isə sair əməliyyatlara yönəldilib.

Bu il yanvarın 1-də "Qarabağ"ın aktivləri və öhdəlikləri 29 milyon 683 min olub ki, bu da əvvəlki ilə nisbətən 9 milyon 396 min 600 manat azdı.

“Sumqayıt Futbol Klubu” MMC 2020-ni 2,062 milyon manat zərərlə başa vurub. Xalis gəlir 2019-cu ilə nisbətən 13,5 faiz azdı.

Ötən il “Sumqayıt" əvvəlki illə müqayisədə 2,6 dəfə çox - 1,048 milyon manat gəlir əldə edib. Bunun 424 min manatı sponsor və reklamçıların hesabına (45,2 faiz çox), 624 min manatı isə sair əməliyyatlardan (5,95 dəfə çox) əldə olunub.

İl ərzində klubun xərcləri 11,9 faiz artaraq 3,11 milyon manat təşkil edib. Bunun 2,402 milyon manatı (14,2 faiz çox) əməkhaqqı və mükafatların verilməsinə, 35 min manatı əsas vəsaitlərin amortizasiyasına (təxminən 2 dəfə çox), 672 min manatı isə sair əməliyyatlara yönəldilib.

Bu il yanvarın 1-nə “Sumqayıt Futbol Klubu”nun aktivləri 324 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 81 faiz çoxdu.

Hesabat dövründə klubun öhdəlikləri 15,1 faiz artaraq 15,099 milyon manata, balans kapitalındakı çatışmazlıq isə 14,2 faiz artaraq 14,776 milyon manata çatıb (Futbol+).

“Neftçi Peşəkar Futbol Klubu” MMC 2020-ci ili 243 min 413 manat zərərlə başa vurub. 2019-da bu rəqəm 959 min 222 manat olub. Zərər 25 faiz azalıb.

“Flaqman” 2020-də 9 milyon 340 min 432 manat gəlir əldə edib. Əvvəlki ildə isə bu rəqəm 12 milyon 476 min 807 manat idi. Burda 25,13 faiz azalma müşayiət olunub.

“Ağ-qaralar” yayın hüququndan heç nə əldə etməyib. Gəlirin 7 milyon 922 min 354 manatı sponsorlardandı.

Ümumilikdə 1 milyon 418 min 78 manat isə bilet satışından, UEFA-dan və sair gəlirlərdən əldə olunub. “Neftçi”nin 2020-dəki xərcləri 21,55 faiz artaraq ümumilikdə 9 milyon 31 min 633 manat olub.

Bunun 6 milyon 643 min 556 manatı əməkhaqqı və mükafatlara, 399 min 290 manatı əsas vəsaitlərin amortizasiyasına, 10919 manatı qeyri-maddi vasitələrin köhnəlməsinə, 1 milyon 977 min 868 manatı isə sair xərclərə ödənilib.

Bu il yanvarın 1-nə “Neftçi Peşəkar Futbol Klubu”nun aktivləri 11milyon 268 min 385 manat olub ki, bu da 1 il əvvələ nisbətən 39,48 faiz azdı.

Hesabat dövründə klubun öhdəlikləri 970 faiz artaraq 9 milyon 360 min 122 manata, balans kapitalındakı çatışmazlıq isə 90,2 faiz azalaraq 93,946 manat olub.

Digər Xəbərlər
Xəbər Lenti