"Neftçi"nin həyatdan erkən getmiş azsaylı futbolçulardan biri – NADİR FOTO

6 Avqust 2020 11:48 Neftçi 1 535
"Neftçi"nin həyatdan erkən getmiş azsaylı futbolçulardan biri – NADİR FOTO

...Bu fotoşəkil futbol üzrə SSRİ çempionatının yüksək liqasının 21-ci turu çərçivəsində əsas heyətlər arasında 2 avqust 1984-cü ildə keçirilmiş "Torpedo" (Moskva)- "Neftçi" (Bakı) oyunundandır.

"Neftçi"nin hansı formanı geyindiyinə işarə verməyə gərək yoxdur- rəqibin sinəsində komandanın adı yazılıb.

Burada Siz Aleksandr Jidkovu da görürsüz. Daha doğrusu, onun sıçrayışını görürsüz, qolu üzünü bağlayıb. Burda bir nəfər də var. Stajlı sadiq futbol azarkeşləri yəqin ki, onu tanıdılar. Bəli, Eldar Kərimov...

Eldar Mustafa oğlu Kərimov 15 may 1965-ci ildə Bakı şəhərində anadan olub. Respublika Olimpiya Ehtiyat İnternat Məktəbinin futbol bölməsinin (müstəqillik dönəmində ROİL- Respublika Olimpiya İdman Liseyi oldu) məzunu olmuşdur. "Neftçi"nin seleksionerləri gənc futbolçular arasından seçim edərkən Eldarın oyununu görüb bəyənirlər və onu "Neftçi"yə cəlb edirlər.

Beləcə 1980-ci ildən onun "Neftçi" karyerası başlayır. 6 mövsümü burada keçirir. Lakin rəqabət yüksək olduğundan əsas heyətdə möhkəmlənə bilmir. Yüksək liqanın əsas komandalarının matçında 3 avqust 1982-ci ildə Dnepropetrovskda "Dnepr"ə qarşı debüt edir.

Təsəvvür edin ki, 17 yaşlı gənc futbolçu yüksək liqada əsas heyətdə meydana çıxır və 90 dəqiqə meydanda olur. Etiraf etməliyik ki, bu yaşda belə etimada layiq görülən çox az sayda futbolçu olub. Bu onun nə qədər istedadlı olmasına bariz nümunədir...

"Dnepr"lə matçda "Neftçi" 0:2 hesabıyla məğlub olur. Bir daha 1984 mövsümündə əsas komandanın heyətində meydana çıxır və bu mövsüm onun üçün daha məhsuldar olur- 9 oyun. Növbəti mövsümdə də 4 oyunda "ağ-qaralar"ın uğurları üçün əməyini əsirgəmir.

Əsasən əvəzedici heyətdə 6 mövsüm keçirdikdən sonra respublika çempionatında çıxış edən "Gənclik" və "Araz"da çıxış edir. Müstəqillik dövründə "İnşaatçı" (Sabirabad) və "Bakı fəhləsi"nin şərəfini qoruyur.

Daha sonra "Metallurq" (Donetsk) və son olaraq "Bakı fəhləsi". Futbolçu karyerasını bitirdikdən sonra hakimliyə başlayır və bir neçə mövsüm yüksək liqada ehtiyat hakim, birinci və həvəskarlar liqasında baş hakim qismində oyunlara təyinat alır. Sonra isə bir neçə ildən sonra ağır xəstəlikdən dünyasını dəyişir...

Futbolçu kimi onu görmək mənə nəsib olmasa da, hakim olaraq yoldaşlığımız olub. Bir neçə həvəskarlar və U-17 liqasının oyununda köməkçisi olmuşam. Sözünün, hərəkətinin yerini bilən, bir azda tez özündən çıxan bir insan kimi tanımışam onu.

Müşahidələrimə əsasən deyə bilərəm ki, bu insan demək olar ki, unudulub. Bu il həm də onunla əlamətdardır ki, Eldar Kərimovun 55 yaşı tamam oldu. 10 ildən də çox (əslində ölümünün tarixini də bilmirəm) bir vaxt keçməsinə baxmayaraq, demək olar ki, xatırlanmır.

Amma gərək belə idmançıları unutmayaq. Çünki o, flaqmanın şərəfini qorumuş və həyatdan erkən getmiş azsaylı futbolçulardan biri olub...

Tanıyanlar olacaqsa, onun haqqında fikirlərini bildirərlər, hamımız üçün maraqlı olar, həm də ruhunu şad etmiş olarıq...

Ağahüseyn Əzizov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"