Beş günlük Antalya səfərində “Neftçi”ni yaxından görmək göydəndüşmə oldu.
Bu, yeni baş məşqçi Miodraq Bojoviçin gəlişindən sonra komandadakı ab-havadan hali olmaq, monteneqrolu mütəxəssisin iş prinsipinə nəzər yetirmək, mümkün dəyişikliklərdən xəbərdar olmaq üçün əla fürsət idi.
Əminliklə deyə bilərəm ki, Bojoviç “Neftçi”ni yeni səviyyəyə çatdıracaq. Adamın duruşundan, danışığından, iş metodundan peşəkarlıq yağır.
Maraqlı personadır. Yeni macəra axtarışındadır və bakılılarla uğur qazanmağı qarşısına konkret məqsəd qoyub.
Sözsüz, “Neftçi”ni “Qarabağ” səviyyəsinə qaldırmaq üçün illərə ehtiyac var. Amma söhbət Mutunun dövründəki ilə müqayisədə yaxşı yöndə inkişafdan gedirsə, mövsümün sonuna qədər səbrli olmaq bəs edəcək.
Mutunu gedişi, Bojoviçin gəlişi ilə kollektivdəki ab-hava da yaxşıya doğru dəyişib. Futbolçuların qələbə əzmi artıb, daxildəki atmosferdə parıltı var.
Hə, “Erzurumspor”la “Valdhof Mannheym”ə uduzdular.
Burada fiziki yüklənmənin, rotasiyanın, heyətdəki itkilərin və baş məşqçinin futbolçular üçün yeni sayılan tapşırıqlarının xüsusi rolu vardı. Hücumçu çatışmazlığı da özünü hər imkanda göstərirdi.
Madam ki, söz “Neftçi”dən düşüb, diqqətimi çəkən bir xüsusi məqama toxunmadan keçə bilmərəm. Bütün komandalarda olduğu kimi, burada da hər futbolçunun dil tapdığı, özünə yaxın bildiyi biri(ləri) var.
Məsələn, Emin Mahmudovun ən çox yaxınlıq etdiyi Qara Qarayevlə Azərr Salahlıdır. Eddi İsrafilovla Azər Əliyevi də ən çox onlara yaxın gördüm.
Cənubi Amerikadan olanların dili eynidir deyə, onların birlikdə daha çox vaxt keçirməsinə təəccüblənmədim.
Lukas Melano, Dieqo Valdez və Andre Şinyaşiki birlikdə daha çox vaxt keçirir. Yuri Matias da braziliyalıdır, amma o, asudə vaxtlarını mobil telefonda “öldürməyi” üstün tutur.
Fransızdillilər Kilan Lebonla Ervin Koffi “ayrılmaz cütlük” hesab olunurlar. Balkanlar - Filip Ozobiçlə İvan Brkiçə Yeqor Boqomolski qoşulub. Hamısı rus dilində bilir deyə, “üçlüy”ə birlikdə olmaq xoşdur.
Ömər Buludov, Fərid Yusifli və İsmayıl Zülfüqarlı – hər biri “Neftçi”nin yetirməsidir və bu fakt ortaq söhbətlərinin maraqlı alınmasında vacib rol oynayır.
Kənarda qalan, başqa cür desəm, kənarda qalmağı üstün tutan yeganə futbolçu Höccət Haqverdidir.
İstər oteldə olsun, istər məşqin əvvəlində və sonunda, istərsə də hava limanında – qıraqdan baxan elə bilər ki, “Neftçi”nin formasını bu adamın əyninə məcbur geyindiriblər.
Heç kimə qaynayıb-qarışmır, həyatına pozitivliyi qulağındakı qulaqcıqdan eşitdiyi səslərlə qatmağa çalışır. Bu mənzərəni görəndən sonra Höccətin yaşıl meydanda da niyə komandada ayrı göründüyünə şübhə yeri qalmadı.
Klubun baş icraçı direktoru, yəni, “Neftçi”yə cavabdeh şəxs Fərrux Mahmudovun ultrasəmimiliyini görəndə, gözlərimin önündə bir anlıq Sadıq Sadıqov canlandı.
İşləmək həvəsi var, hamı ilə dil tapmağa çalışır, rola girmədən olanı olduğu kimi danışmağı bacarır və ən əsası, “Neftçi”ni sevir. Yoldaşlıq görüşündəki yenilgi belə, ona pis təsir edir.
Yeri gəlmişkən, Mahmudovla Sadıqov kifayət qədər yaxın münasibətə sahibdirlər və hazırkı rəhbər özündən əvvəlki başqanla daim ünsiyyətdə olur, lazım olan məlumatları alır.
Hər halda gözləyək. Təəssüratlarıma görə, yaxşı olmalıdır.
HƏBİB, Bakı-Antalya-Bakı
SPORTİNFO.AZ

