Futbolçular yox, baş məşqçi uduzdu – “Neftçi” haqda gerçək fikirlər...

2 Oktyabr 2022 20:40 Neftçi 1 261
Futbolçular yox, baş məşqçi uduzdu – “Neftçi” haqda gerçək fikirlər...

Neçə vaxtdır səbrsizliklə gözlədiyimiz mərkəzi oyunda “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib turnir cədvəlində vahid liderə çevrildi.

Halbuki matçın əvvəli, hətta ümumilikdə ilk 45 dəqiqə “ağ-qaralar”ın qələbəyə daha yaxın olduğunu göstərir, “Olimpiakos”la vacib qarşılaşma öncəsi “köhlən atlar”ın bugünkü durumunu şübhə altına salırdı

Səviyyə və təcrübə fərqini ortaya qoyan Azərbaycan çempionu 18 dəqiqə ərzində vurduğu 3 qolla oyunun taleyini həll etdi.

Bəs, “Neftçi” niyə uduzdu? Nədə uduzdu? İki fərqli hissənin oynanılmasına kim və nə səbəb oldu?

Güc nisbətini nəzərə almamışdı

Bu oyun təkcə futbolçuların mübarizəsi yox, həm də baş məşqçilərin – Qurban Qurbanovla Laurentsiu Regekampfın dueli idi.

Etiraf edək ki, qonaqlar ilk dəqiqələrdən daha hərəkətli və güclü təsir bağışlayırdı ki, “Qarabağ”lıların rəqibin davamlı pressinqi qarşısında tab gətirmədiyi açıq-aşkar görünürdü. Hətta Avropa arenalarında hansısa komandanın ağdamlıları bu qədər topsuz qoyduğunu xatırlamaq çətindir. Qurbanovun yetirmələri qol epizodları yaxalamaq baxımından çətinlik çəkməsə də, alışdığı oyun üslubundan məcburən uzaq düşmüşdü. Nəticədə Eddi İsrafilovun ifasında lazım olan qol gəldi və “Neftçi” fasilədə üstün yollandı.

“Qarabağ” ikinci yarıya həmin futbolçularla və həmin taktiki sxemlə çıxdı. Sadəcə sürəti bir qədər artırdı, topa nəzarəti tədricən ələ keçirdi. Daha doğrusu, “ağ-qaralar” rəqibə bu şansı yaratdı. Niyə?

Çünki Regekampf komandanın fiziki imkanlarını düzgün dəyərləndirməmişdi. Rumın çalışdırıcı 3 aydır sərəncamında olan futbolçuların güc və dözümlülük baxımından nəyə qadir olduğunu bilməliydi. Bilməliydi ki, “Qarabağ”a qarşı ilk hissədə ortaya qoyulan sürəti 90 dəqiqə eyni tempdə saxlamaq mümkün deyil. Rege diqqəti starta və ilk 30-40 dəqiqədə mümkün üstünlüyə ayırmışdı və bu düşüncə komandasını uçuruma apardı. Faktiki, “Neftçi” meydan sahiblərinin ikinci hissədə təklif etdiyi sürət və intensivliyin qarşısında tab gətirə bilmədi.

Yanlış seçim, yersiz əvəzetmələr

Gürcüstan millisinin heyətinə cəlb olunan, karyerasının ən baxımlı illərini Rusiya Premyer Liqasında keçirən Solomon Kvirkveliyanı ehtiyatda saxlayıb, illərdir etdiyi səhvləri ilə gözlərimizin “nurunu aparan” Mamadu Mboca güvənən rumın mütəxəssis “11-lik”də kiçik səhvlərə yol vermişdi.

Əvəzetmələrlə oyunu dəyişə bilməməsi də hara fırladırsan-fırlat baş məşqçinin üzərinə düşən məsuliyyətdir. Bakılıların əvəzetmədən meydana çıxan futbolçuları – Pato, Rəhman və Boqomolskinin adını rəqiblər əzbər bilir. Rege Kenni ilə Öməri yanına “dəvət etdi”, irəliləyən dəqiqələrdə sonradan mübarizəyə qoşulan İsmayılla Mboc da meydanı tərk etməli oldu. Uduzan, qol axtarışında olan komandanın baş məşqçisinin müdafiçi ilə müdafiəçi dəyişib, əvəzində hücumçunu sona qədər ehtiyatda saxlamasının bir adı vardı – darmadağından qaçmaq, oyunun bu hesabla başa çatmasına nail olmaq.

Hətta rumın məşqçinin sərəncamında sonradan oyuna müdaxilə edə biləcək futbolçular yoxdursa da belə, bu, birbaşa öz günahıdır. Hansı komandaya gəldiyini bilirdi, transferlər üçün kifayət qədər zamanı vardı. Tədarükünü vaxtında tutmalıydı, rəhbərliyə sözünü deməliydi.

Müdaxilə edə bilmədi

Baş məşqçi həm də komandanın psixoloqudur. “Qarabağ” hesabı bərabərləşdirən dəqiqəyə qədər (58) meydanda ağalıq edirdi və Rege yaşananları kənardan yaxşı görürdü. Həmin ana qədər rəqibi dayandırmaq yönündə komandasına lazım olan tapşırıqları verə bilmədi.

Ən pisi isə 1:1-dən sonra “Neftçi”nin həvəsdən düşməsi, əsasən müdafiəni düşünməsiydi. Bakılılar psixoloji cəhətdən “sınmışdı” və hər an qapısından top buraxmağın təhlükəsi ilə mübarizə aparırdı. 1-ci və 2-ci qollar arasında Regenin ixtiyarında 12 dəqiqə vaxt vardı. O, bu imkanı da əldən verincə, Abdullah, ardınca da Ovusu Aqilin qoruduğu qapının torunu silkələməyi bacardı.

Futbolçular var, məşqçi “artırmalıdır”

“Neftçi”nin indiki heyəti heç də zəif deyil. Emin, Eddi, Voislav, Azər, Kenni, Ataa, Qodsvey kimi futbolçuların hər biri baxımlı karyeraya və təcrübəyə malikdir. Ayrı-ayrı oyunlarda nəyə qadir olduqlarını görürük. Baş məşqçi Rumıniyadakı qalmaqallardan və məclislərdən uzaq durmalı, ora sərf etdiyi vaxtı futbolçularından düzgün istifadə etməyin yollarını müəyyənləşdirməyə və komandasının gücünü doğru bölməyi öyrənməyə ayırmalıdır..

Müdafiəçilərin və qapıçıların buraxdığı kobud səhvlərin səbəbkarı da bəzi hallarda Rege olur. Yarımmüdafiə və hücum xətti ilə bağlı planları lazım olan səviyyədə qurmur, nəticədə bütün ağırlıq müdafiədə və qapıda keşik çəkənlərin üzərinə düşür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda