
«Neftçi» hazırdaTürkiyədə təlim-məşq toplanışı keçir.
İlk baxışdan düşərgədə ciddi bir problem nəzərə çarpmır.
Hər şey öz axarında getmiş kimi görünür. Düzdür, klubu hələ yeni transferlərinin adını açıqlamayıb, amma yandaş media orqanlarına ötürülən informasiyalardan aydın olunur ki, bu yöndə aparılan çalışmalar tam sürətlə davam edir.
Həm açıq, həm də gizli aparılan «bazarlıq» yalnız futbolçu zümrəsini əhatə etmir. Eyni siyasət məşqçi korpusu ətrafında da aparılır.
Ötən ay görəvə gələn Zaur Əzizov Samir Abaslvla bağlı ondan əvvəl verilmiş qərarı dəyişdirməyə müvəffəq olub. Yeni idman direktoru onu sükan arxasında saxlamağı bacarıb.
O, S.Abasovun bir nbömrəli əleyhdarı kimi bilinən Müşahidə Şurasının aparıcı üzvü Zaur Qəhrəmanovu inandırıb ki, mövsümün ortasında, titul qazanmaq şansının praktik olaraq qaldığı bir vaxtda belə addım atmaq xeyirdən çox ziyan gətirəcək.
İdman direktoru belə həssas məqamda əcnəbi baş məşqçinin gətirilməsinin komandanı ümumiyyətlə tonusdan sala biləcəyini önə çəkib.
Z,Qəhrəmanov adaşnın fikrinə hörmətlə yanaşıb, Valter Zenqa başda olmaqla, namizədliyi gözdən keçirilən bütün xarici mütəxəssislərlə görüşmələrin ertələnməsinə razılıq verib.
Samir Abasov bütün bunlardan xəbərdardırmı? Sözsüz. O, eyni zamanda bilir ki, «limit»ini ölkə kubokunun ¼ final mərhələsinin yekun nəticəsi müəyyənləşdirəcək.
Burada isə onları «Sabah» gözləyir. İşdir-şayəd, komanda yarımfinala vəsiqə qazanmasa, daha ona Zaur Əzizov da kömək edə bilməyəcək.
Samir Abasovu nisbətən rahatlandıran məsələ rəhbərliyin ondan çempionluq titulunu qorumağı tələb etməməsidir.
Onlar da başa düşür ki, Premyer Liqada ötənilki nəticəni təkrarlamaq möcüzəyə bərabərdir. «Qarabağ» ilk 2 dövrədən sonra 11 xal önə çıxıb və aradakı böyük fərqi öz xeyrinə
dəyişdirmək əsl sensasiya sayılacaq. Bu üzdən əsas ümidin ölkə kubokuna bağlanması normal haldır. Belə deyək, gələcəyini korrektə etmək yenə Samir Abasovdan asılıdır.
SPORTİNFO.AZ