"Neftçi"nin baş məşqçisi Aqilin əziyyətini yerə vurdu

17 Aprel 2021 11:00 Neftçi 1 700
"Neftçi"nin baş məşqçisi Aqilin əziyyətini yerə vurdu

"Əlimizdə iki qapıçı və bir cavan qolkiper var. Hamısı bu dəqiqə eyni durumda olan oyunçulardır".

"Neftçi"nin baş məşqçisi Samir Abasov bu açıqlama ilə çıxış edib.

O, Aqil Məmmədovun əsas qapıçı olmadığını söyləyib:

"Sadəcə, çox oynamadığı üçün hansısa qapıçıda bir az psixoloji problem ola bilər. Səlahət Ağayev hazırda bunun əziyyətini çəkir. Bu gün kiminsə bir nömrəli qapıçı olduğunu deyə bilmərəm".

Abasovun bu söylədikləri qeyri-peşəkar yanaşmadır. Kim də olsa, o, belə açıqlama verməməlidir.

Komandanın hazırkı yerə gəlib çatmasında Aqilin böyük əziyyəti var. Bunu kimsə dana bilməz, eləcə də Samir bəyin özü.

Bu gün "Neftçi" çempionluq uğrunda mübarizəni davam etdirirsə, bunda Aqilin xidməti bəlkə də Abasovdan da çoxdur. Çünki kollektiv onun liderliyini qəbul edib, ətrafında sıx birləşib.

Məmmədov olmasaydı, "Neftçi"də kollektiv ruhdan danışmayacaqdıq, birlikdən, bərabərlikdən söz etməyəcəkdik. Bütün futbolçuların sevgisini qazanmaq Aqilə asan başa gəlməyib.

O, bunun üçün sözün həqiqi mənasında fədakarlıq edib. Xarakteri, mətinliyi, düzgünlüyü ilə ad çıxarıb. Ən çətin məqamlarda sinəsini irəli verib, bəzi oyunçular kimi məsuliyyətdən qaçmayıb.

Heç vaxt pul üstündə dalaşmayıb, yeri gələndə, öz cibindən xərcləyib, qabaqda gedib. "Neftçi"də olan hər kəs Məmmədovun son 1 ildə nələrdən keçdiyini görüb və bilir. İstər meydançada, istərsə də ondan kənarda.

Bir çox oyunlar olub ki, komanda xalı və ya xalları Aqilin qurtarışları sayəsində qazanıb. Başqaları maaşının artırılması və ya azalmasının üstündə klub rəhbərliyi ilə kəllə-kəlləyə gələndə, o, heç nəyə fikir verməyib, üzərində çalışıb, yalnız nəticə qazanmaq barədə düşünüb.

Və əməli ilə bunu sübuta yetirib. Samir Abasov hər şeyi öz adına çıxmasın, bəxti onda gətirib ki, komandasında Aqil kimi xarakterli və əqidəli futbolçu var.

O, yalnız qapıçı deyil, eyni zamanda, kollektivin yarısıdır. Aqilin burada olması Abasovu indiyədək bir çox problemdən, məğlubiyyətdən xilas edib.

Bütün bunları görməzdən gəlmək, unutmaq olmaz. Bilirik, Abasov uğuru öz adına çıxıb, uğursuzluğu futbolçularına «yükləyən» biridir, amma bu qədər yox da…

Aqili qoysunlar kənara, gör, komanda üzvləri baş məşqçinin üzərinə ayaq alır, ya almır. Bir hərc-mərclik yaransın, gəl-görəsən! Ara qarışacaq, məzhəb itəcək.

Onları sakitləşdirən, nizam-intizamı təmin edən qüvvə Aqil Məmmədovdur. Onun hörməti, zəhmi ağır basır, gərək Samir Abasov özünü dağın başında görməsin.

Bu cür ehtiyatsız açıqlamalar göstərir ki, o, hələ də nəyinsə eyforiyasını yaşayır, gözü yenə ayağının altını görmür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti