İran klubları ÇL-ın ev oyunlarını Azərbaycanda keçirsinmi?

27 Yanvar 2020 10:10 Maraqlı 1 194
İran klubları ÇL-ın ev oyunlarını Azərbaycanda keçirsinmi?

Bilindiyi kimi, Asiya Futbol Konfederasiyası İran Futbol Federasiyası barədə şok qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, qurum İranın ölkə ərazisində rəsmi və beynəlxalq oyunlar keçirməsinə qeyri-müəyyən müddətə qadağa qoyub.

Federasiyaya ünvanlanan rəsmi qadağa məktubunda bu ölkənin milli və klublarının rəsmi görüşlərini üçüncü - neytral ölkədə keçirməsi tələbi irəli sürülüb.

Konfederasiya bu addımı bölgədə son vaxtlar yaşanan siyasi hadisələr, general Qasım Süleymaninin ABŞ ordusu tərəfindən öldürülməsi, İranın səhvən Ukrayna təyyarəsini vurması nəticəsində 176 insanın həyatını itirməsi və.s. hadisələrdən dolayı atıb.

Lakin İran hökuməti qadağa məktubu ilə razı olmadığını açıqlayıb. Bu barədə açıqlama verən federasiya rəsmisi Əmirmehdi Ələvi İranın istənilən oyunu təhlükəsiz keçirməyə hazır olduğunu bildirib.

Asiya qitəsində hazırda Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir. İran bu yarışda 4 klubla təmsil olunur. Federasiyanın bu klubların çıxışları ilə bağlı Apellyasiya şikayəti verəcəyi gözlənilir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Azərbaycanın həmin oyunlara ev sahibliyi etməsi ideyasına münasibət bildirib:

@Çox istərdim ki, Asiya Futbol Konfederasiyası öz qərarını dəyişsin və İran komandaları öz ölkələrində öz azarkeşləri qarşısında oynasın. Amma qərar dəyişməzsə mən əminəm ki, xalqımız və hökumətimiz həmin oyunların Azərbaycanda keçirilməsini alqışlayardı.

İnanıram ki, xalqımız İranın həm də cənublu soydaşlarımızın dövləti olmasını, farslarla minillik tarixi və mədəniyyəti bölüşdüyümüzü, İranın yaxın qonşumuz olmasını, həmin klublarda Azərbaycan türklərinin də oynadığını nəzərə alıb İran komandalarına azarkeşlik edərlər.

Yarışların yüksək səviyyədə keçirilməsi üçün isə beynəlxalq standartlara cavab verən müasir stadionlarımız və təcrübəmiz vardır. Onu da qeyd edim ki, biz əsasən işğalçı Ermənistanla qardaşlaşdığı və ona dəstək verdiyi üçün İranın bu istiqamətdə rəsmi siyasətini tənqid edirik.

Amma idman siyasətdən kənar tutulmalı və hər iki ölkə insanının daha da yaxınlaşmasına xidmət etməlidir. Bu, həm də ölkəmizdə turizmin inkişafına töhfə verməklə yanaşı Azərbaycanın Asiya ölkələrində yaxşı mənada təbliğinə yol açardı".

Digər Xəbərlər
Xəbər Lenti