2006-cı il, 27 iyul
İlk matçda səfərdə "Zimbru" ilə heç-heçə edən "Qarabağ" rəqibi Bakıda qəbul edir. Moldova klubu ilə səfərdəki 1:1 hamımıza mərhələ keçəcəyimizə ümid verir. Kişinyovda qolumuzu "Buğa" ləqəbli Samir Musayev vurur. Rəqibin heyətində Qaluşt Petrosyan fərqlənir. "Zimbru"nun heyətində daha bir qonşumuz - Karen Aleksanyan var.
Bakıdakı matça 2 qonşumuz qonaq gələ bilər. Həssas dövrdü. Beynim qanlıdı. Cavab qarşılaşmasına hazırlığa başlayıram. "Basin"də tanış dərzi tapıb bir bayraq tikdirirəm.
Bütöv Azərbaycan Birliyinin başqanı, dəyərli dostum Aqil Səmədbəyli ilə danışıram ki, nə qədər adam apara bilərik oyuna? Deyir nə qədər istəsən! Deyirəm 500 olar? Deyir, hə.
Moskvadakı Azərbaycan Gənclərinin Koordinasiya Şurasının (KSAM - Koordinatsionnıy Sovet Azerbaydjanskoy Molodyoji) rəhbəri Siyavuş Məmmədova deyirəm 500 uşağa üstündə Xocalı həqiqətlərini əks etdirən köynəklər təşkil etmək olar? Deyir "Olar!".
"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovla danışıram. Nurlana deyirəm ki, bizə 500 bilet lazımdı. Deyir bəylə danışıb geridönüş edəcəm. Zəng edir deyir gəlin, problem yoxdu.
Oyundan əvvəl Nurlan bizi onunla görüşdürür. Sonra doğmalarımdan da çox sevəcəyim bu insanı həyatımda ilk dəfə görürəm.
Həyatımda ilk dəfə gördüyüm bu cavan oğlan 500 bileti verir və "Heç nə lazım deyil" deyib, bir manat da almır.
Qarşılaşma başlayır, qonşularımızın bayrağını dostum Altay Ocaqverdiyevə həvalə edirəm. Oyunu bir başqa dostum Elnur Məmmədli AZTV-də şərh edir. Onunla tez-tez yazışıram ki, rejissora desin Altayı "nəzarətdə saxlasın".
"Buğa" yenə qol vurur, amma uduzuruq...
İllər keçir qəhrəman oğullarımızın sayəsində bütün məğlubiyyətlərin əvəzini çıxırıq, işğal altındakı torpaqlarımızı azad edirik.
Bundan düz bir il sonra həyatımın ən böyük məğlubiyyətini alıram... Və bu məğlubiyyətin revanşı bir daha heç vaxt olmayacaq...
2021-ci il, noyabr
Həyatımın ən çətin dövrü...
Hələ də ondan əvvəlki Anar ola bilmirəm və bundan sonra çətin olam. Atamı itirirəm...
Zəng zəngin dalınca gəlir...
"Anar, Allah rahmet eylesin!
Nə edə bilərəm, qardaşım? Onu bil ki, hər zaman yanındayam. Nə zaman, nə lazım olsa, utanma telefonum sənə 24 saat açıqdı"...
Hansısa ilin 25 fevralı
Yeganə dayım Yaşarla, yeganə qardaşoğlum Yusifin dünyaya gəldiyi gündü 25 fevral. Feysbukda fotolarını paylaşıram. Hələ Sovet dövrü Lomonosov adına Moskva Dövlət Universitetini bitirmiş, hazırda Kanadada yaşayan dayımla bağlı gözləmədiyim şərhi yazır:
- Yaşar dayımı, gözəl insanı təbrik edirəm.
Onacan bilməmişəm ki, "Azersun" yeni yarananda dayımla bir yerdə çalışıb.
2023-cü il, 30 may
"Four Seasons Hotel Baku"da keçirilən ilk "Sports.az Awards" mükafatlandırma mərasimi. "Mövsümün ən yaxşı klub funksioneri" mükafatını çoxdan haqq edib. Amma bu bir ilkdi. Və bu mükafatı ona şəxsən, böyük qürurla təqdim edirəm.
2024-cü il, 16 fevral
"Qarabağ" "Braqa" ilə çox çətin oyuna hazırlaşır. Güclü rəqib qarşısında gözləntimiz o qədər də çox deyil.
Amma komandada bizim kimi düşünmürlər. Hamı oyuna köklənib, çox ciddi stress var.
Dostum Əlisahiblə məni görüb yaxınlaşır. "Gəlin bir şəkil çıkdirək" deyir və öz telefonu ilə selfi edir.
Həmin axşam "Qarabağ" səfərdə sensasiyalı qələbə qazanır - Portuqaliya klubunu 4:2 hesabı ilə məğlub edir və yekunda bu qələbə komandamızı o zaman üçün tarixinin ən böyük nailiyyətinə daşıyır.
2026-cı il, 31 mart...
Doğum günüm.
Zəng gəlir:
- Anarcım, salam. Təbriklər!
Səsin çox yaxşı gəlir, deyəsən doğum gününü qeyd etmirsən?
Doğum günümə təbrik zəngində də könlümü xoş edən zarafatından qalmır.
"Yaşar dayı ilə danışmırsan, necədi? Selam söylə.
...Bu adamı çox sevirəm. Və bu adamı necə sevməyəsən?!
İstiqanlı, səmimi, həmişə diqqətli, zarafatcıl, əlindən gələni etməyə hazır.
Onu tanıdığım gündən 20 il keçir. Sabah 50 illik yubileyidi.
Deyirlər doğum gününü öncədən təbrikmetmirlər. Amma o elə gözəlqəlbli insandı ki, inciməz.
...Emrah Çelikel "Qarabağ"ın uğurlarında müstəsna xidməti olan peşəkardı.
Amma onu hamıya, o cümlədən mənə ilk növbədə sevdirən insaniyyətidi!
Emrah bəy haqda çox yaza bilərəm.
Onunla bağlı sadəcə bir ən böyük arzumu deyim.
Tanrı sizə möhkəm cansağlığı versin, dəyərli bəy! Emrah Paşa!
Neçə gözəl yubileylərə!

