Azərbaycan Premyer Liqasında çıxış edən üç futbolçu eyni anda eyni milli komandanın heyətində meydana çıxıb.
Sportinfo.az xəbər verir ki, “Zirə”dən Anje Mutsinzi ilə Leroy Mikels, “Sabah”dan Coy-Lens Mikels Ruanda seçməsinin şərəfini qoruyub.
“FİFA Series-2026” turniri çərçivəsində baş tutan Ruanda – Qrenada görüşündə Mikels qardaşları debüt edib.
“Zirə”nin Mikelsi 46 min azarkeşin izlədiyi qarşılaşmada qol pərdəsini açıb.
30 yaşlı hücumçu 45+2-ci dəqiqədə cərimə meydançasının xaricində sol ayağı ilə uzaq “9-luğ”u dəqq nişan almaqla stadiona toplaşanları “dəli edib”. Yekunda Ruanda rəqibi üzərində 4:0 hesabı ilə qalib gəlib.
Debüt oyununda qol vuran Mikels tribunanın önünə qaçaraq sevincini azarkeşlərlə qeyd edib.
Qarşılaşmadan sonra yerli telekanala açıqlama verən “Zirə”nin üzvü həmin anı bu sözlərlə təsəvvür edib:
“Qolu necə bayram edəcəyimi öncədən planlaşdırmamışdım. Bu, bir anın içində baş verdi.
Belə qol vuranda heç nə düşünə bilmirsən. Dərhal emosiyalara qapılırsan. Heç nə eşitmirdim. Azarkeşlərin səsindən qulaq batırdı.
Onları sevindirdiyimə görə qürur duyuram. Davamını gətirmək ümidi ilə”.
Ruanda seçməsi martın 30-da növbəti yoldaşlıq görüşündə Estoniya ilə qarşılaşacaq.
HƏBİB

