Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi "Dirçəliş Kuboku"nda qrup mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 40 komandanın 4 qrupda mübarizə apardığı yarışda 16 komanda 1/8 finala yüksəlib.
Jurnalistlər və mətbuat işçilərindən təşkil olunmuş "Media" son turda "McDonalds"ı 5:2 hesabı ilə məğlub edərək xallarının sayını 16-a yüksəldib və bu qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
"Media"nın kapitanı, BakuTV-nin departament rəhbəri İman Məcidov bu uğurun onlara asan başa gəlmədiyini bildirib: "Qrupumuzda komandaların əksəriyyəti güclü idi. Bu üzdən son tura kimi mərhələ adlayacağımız bəlli deyildi. Son oyunda "McDonalds" üzərində qələbə qazanmaqla istəyimizə çata bilərdik ki, bunu da bacardıq. Heyətimiz bütünlüklə media işçilərindən qurulub. Aramızda jurnalistlərlə yanaşı, müxtəlif media qurumlarını təmsil edən texniki işçilər də var. Yəni, bütün futbolçular sırf mətbuatımıza bağlı insanlardır, kənardan kimisə dəvət etməmişik. Sevinirəm ki, bu mötəbər turnirdə mətbuatımızı layiqincə təmsil edə bilirik".
Komandanın baş məşqçisi, "525-ci qəzet"in şöbə müdiri İlqar Tağıyev isə məqsədlərinin medalçılar sırasına düşmək olduğunu söylədi: "Düzü, komandanı yığmaq mənə həvalə olunanda, əvvəl tərəddüd etdim. Çünki bu, böyük məsuliyyət idi. Hər halda 15 nəfərlik heyəti topladıq və yarışa qatıldıq. Məqsədimiz qrup mərhələsini aşmaq idi ki, bunu bacardıq. İndi isə heyəti bir qədər gücləndirməklə mümkün qədər irəli getməyə, medalçılar sırasına düşməyi düşünürük. Qrupumuzda güclü rəqiblərin olmasına baxmayaraq, uşaqlar layiqli mübarizə apardılar, hər birinə, o cümlədən, bizə dəstək olanlara təşəkkür edirəm".
Qeyd edək ki, "Dirçəliş Kuboku"nda 1/8 final mərhələsinə aprelin 4-də start veriləcək. Bu mərhələdə "Media"nın rəqibi turnirin ən güclü komandalarından biri ADSEA olacaq.

