İndi gizlənən Tərlan Əhmədov sabah hara qaçacaq?

4 İyul 2020 13:12 Şamaxı 1 320
İndi gizlənən Tərlan Əhmədov sabah hara qaçacaq?

Avroliqada iştirak edəcək təmsilçilərimizin, demək olar, hamısındə ciddi dəyişikliklər gözlənilir.

Bu mənada xüsusilə “Neftçi”ylə “Keşlə”ni fərqləndirə bilərik.

“Ağ-qaralar” göndərdiyi futbolçuların yerinə legionerlər cəlb edəcək ki, başbilənlər sərhədlərin açılacağı günü gözləyirlər. “Keşlə”də isə...

Sportinfo.az xəbər verir ki, başa çatan mövsümdə komandanın aparıcı simaları olmuş futbolçularla yollar ayrılıb. Kapitan Slavik Alxasov, yığma təcrübəsinə sahib Ruslan Qurbanov, mövsümün tapıntısı Tural Bayramov, komandanın ən sərrast futbolçusu Lorenso Frutos, müdafiənin dirəyi Franko Floreslə başa çatan müqavilələr yenilənməyib. Əfran İsmayılov, Murad Ağayev, Cabir Əmirli də “qırmızılar”ı tərk edənlər siyahısındadı.

Həmçinin Sezar Meza Kolli məsələsində də yenilik yoxdu. Onların əvəzinə isə Azərbaycan futbolunun ortababları sayıla biləcək isimlər – Cavid İmamverdiyev, Tural Axundov və Şəhriyar Əliyev cəlb olunub.

Bundan sonrakı transferlərin də adları çəkilənlərdən üstün olmayacağı gözlənilir. İstənilən halda qısa zamanda “sökülüb-yığılan” komandada kifayət qədər problemlər olacaq. Bir komandanın oturuşması, öz oyununu tapması üçün zamana ehtiyac var.

“Keşlə”dəki kütləvi gedişlərin səbəbi kimi büdcənin azalması göstərilir. Guya növbəti il üçün maliyyə azalıb deyə, şərtlər kimlərisə qane etməyib. Lakin əldə etdiyimiz məlumat vəziyyətin fərqli olmasından xəbər verir.

Belə ki, adı çəkilənlərin yola salınmasını baş məşqçi Tərlan Əhmədov istəyib. Mövsüm başa çatandan sonra rəhbərliklə görüşən mütəxəssis “qara siyahı”dakı adları əsas söz sahiblərinin qarşısına qoyub.

Ümumi müzakirələrdən sonra qərara alınıb ki, “bürünc”ün qazanılmasında əməyi keçənləri incitməmək üçün yeganə çıxış yolu büdcənin azaldığını əsas gətirməkdi. İnkar etmirik, bəlkə də həqiqətən azalma var. Amma azalma niyə onlara aiddi, maaşı artırılan Vüsal İsgəndərliyə yox?

Büdcə azaldılıbsa, “Keşlə” Şəhriyar Əliyevə hansı əsasla “Sumqayıt”dakından daha çox məvacib təklif edir? Qısası, yüksək ödənişli futbolçuların göndərilməsi, onların yerinə yenilərin gətirilməsi birbaşa Əhmədovun istəyinin nəticəsidi.

Niyə, hansı əsasla, hansı şəxsi marağa görə - bu və başqa sualların cavabını özü, Allahı və əməkdaşlıq etdiyi adamlar bilər. Bizim bildiyimiz odu ki, bu gedişlə “Keşlə”ni heç də işıqlı günlər gözləmir. Növbəti çempionata qədər nəsə etmək olar, amma Avroliqada çətin.

Bütün bu məsələlərlə bağlı səbəbkarın özü – Tərlan Əhmədov ilə danışmaq istəyirdik. Dünən səhər saatlarında müsahibə üçün özünə yazdığım mesaja cavab kimi klubun mətbuat katibi Murad Axundovdan icazə almalı olduğumu dedi. Həmkarımız müsahibədə heç bir problemin olmadığını bildirdi.

Lakin növbəti zəng və mesajlar zamanı Tərlan Əhmədov yoxa çıxdı. Dəqiq desək, klubda futbolçularla oynadığı oyunu bu dəfə bəndənizlə oynadı. Söz verib, aradan çıxdı, gözəgörünməzə çevrildi.

Babalı öz boynuna, bəlkə də rəhbərlikdən müsahibə verməklə bağlı xoş cavab almayıb, bəlkə də sonradan sualların nədən ibarət olacağını hiss edib, bəlkə də...

“Bəlkələr” çoxdu, ancaq bilinən odu ki, yaxınları arasında xoflu, öz kölgəsini qamçılayan adam kimi tanınan Tərlan bəy mətbuatdan gizlənir, suallardan qaçır.

Heç kimə, heç bir mətbu orqana danışmır, susmağı üstün tutur. Hələ ki gizlənməyində olsun, görək Avroliqa oyunlarından sonrakı mətbuat konfranslarında hara qaçacaq? (Futbol+)

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!