"Türkiyənin I Liqasına getməkdən düşünmədən imtina etdim"

19 Aprel 2020 00:00 Şamaxı 729
"Türkiyənin I Liqasına getməkdən düşünmədən imtina etdim"

"Xaricdə oynayan azərbaycanlı futbolçuların menecerləri mənə yaxınlaşmışdılar.

Şəxsi agentim yoxdur, sadəcə, güvəndiyim adamlar var. Onlara demişəm ki, əgər ciddi, real təklif gələrsə, danışmaq olar".

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib.

Milli komandamızın üzvü ötən ay Maltada baş tutmalı olan, lakin koronavirus pandemiyası səbəbindən ləğv edilən təlim-məşq toplanışına bir neçə menecerin gəlməyi planlaşdırdığını bildirib:

"Bəzi xarici menecerlər Malta toplanışı zamanı millidəki oyunuma canlı baxmaq istəyirdilər. Yaxşı forma yığmışdım, çempionatın dayandırılması mənim üçün heç yaxşı olmadı.

Ancaq düşünürəm ki, o formanı yığmışamsa, Allah mənə gücü verib, yenə o səviyyəyə çata bilərəm. Əmin ola bilərsiniz ki, əvvəlkindən də yaxşı vəziyyətdə qayıdacağam”.

25 yaşlı hücumameyilli oyunçu xidmətində maraqlı olan klubların ölkələrinin adlarını da açıqlayıb: "Hələ qış fasiləsi zamanı Rumıniya və Polşa variantı olduğu deyilmişdi.

Onlar mövsümün sonu üçün mənim keçidimi planlaşdırırdılar. Avstriyada da bir menecer var, mənim videolarımı istəmişdi, göndərilib. Deyir ki, bir "hə" de, səni Avstriya və ya Türkiyə çempionatına aparım. Yəqin ki, bundan sonrakı performansımdan asılı olacaq.

Digər tərəfdən həmin ölkələrdə çempionatların bərpası necə olacaq, klubların transfer strategiyası bundan sonra necə müəyyənləşəcək? Bunların da rolu olacaq. Legioner həyatı yaşamaq hər bir futbolçunun xəyalıdır. Amma bütün ehtimalları nəzərə almalısan.

Hamı deyir ki, maliyyəni düşünmə, get. Onsuz da, "Zirə"dən "Keşlə"yə gələndə maliyyəyə baxmadım. Ailəmdən uzaq qalmağa da hazıram, düşünürəm ki, buna öyrəşə bilərəm. Əsas odur ki, gediləsi ölkə olsun.

Menecerlər məni adlarını çəkdiyim ölkələrin yüksək liqalarına aparmaq istəyirlər. Türkiyənin I Liqa variantı da var idi, düşünmədən imtina etdim. Ora getməkdənsə, elə "Keşlə"də qalaram".

Onun "Keşlə" ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. İsgəndərli bildirib ki, "Keşlə"dən yeni müqavilə təklifi ilə yanaşı, ölkə daxilindən başqa təkliflər də var:

"Azərbaycandan da təkliflərim var. Həmçinin hazırkı klubum qalmağımı istəyir. Deməli, doğru yoldayam. Əslində, "Keşlə"yə keçəndə mənə geriyə addım atdığımı deyirdilər.

Əksinə, "Keşlə"dəki çıxışım sayəsində milli komandaya qədər yüksəldim, artıq xaricdən təkliflər aldım. Bununla mənə inanmayanlara əksini sübut etdim. Təki avrokuboklara vəsiqə qazanaq, ondan sonra gələcək barədə düşünmək olar".

Digər Xəbərlər
Xəbər Lenti