Burada nəsə bir "əmma" var

4 May 2022 11:40 Şamaxı 774
Burada nəsə bir "əmma" var

«Şamaxı» dəyişikliyin bir addımlığındadır.

Bu gün-sabah həmin xəbəri alacağıq.

Deyəsən, söz sahibləri islahatlara hələlik aşağıdan - komandanın özündən başlamağı gərək bilib.

Tərlan Quliyevlə Tural Axundovu düşərgədən göndəriblər, atıblar əvəzedici heyətə. Səbəblər yalnız medalın görünən üzünü bəzəyir.

Bu qərarın arxasında nə dayanır, onu kimsə demir, açıqlamır. Hiss olunur ki, bu, yalnız komandanın Premyer Liqasının ötən 3 turunda qapısından 15 qol görməsi ilə bağlı deyil.

Burada nəsə var və ümid edirik ki, gec-tez bu da ictimaiyyətə məlum olacaq.

Franko Flores «Sabah»la keçən qarşılaşmada qırmızı vərəqə aldı, cəzalı duruma düşdü. Müdafiə xəttinin dirəyi kimi görünən Şəhriyar Əliyev də sarı vərəqə limitini doldurduğundan, tribunada əyləşməli oldu.

Belə bir durumda iki arxa xətt oyunçusunu düşərgədən göndərməyin heç yeri idi? Demək, «əmma» çox ciddidir.

Problemləri başından aşıb-daşan «Şamaxı» təmsil etdiyi rayonda dünən ikinci oyununa çıxdı. Rəqib «Səbail» idi. İki autsayderin duelində qapılara qol vurulmasa da, 90 dəqiqəlik sürətli və maraqlı mübarizə izlədik.

Oyun hər iki komandanın qapısında oynanıldı. Top bir o tərəfə getdi, bir bu tərəfə. «Yuvarlaq meşin» bir yerdə qalmadı, dayanmadı. Çoxsaylı qol epizodları yaradıldı, tərəflərin biri də uduzmaq qorxusu ilə vurnuxmadı.

«Şamaxı» islahatlara neçə vaxtdır «hamilə» idi. Hələ qış fasiləsi vaxtı bunu etməli idilər. Sənan Qurbanov nədənsə məsuliyyəti üstünə götürmədi, axırda başına 0:8-lik biabırçı hadisə gəldi.

Bu komandanı vaxtında içəridən silkələsəydilər, medallar uğrunda mübarizədən belə erkən qopmazdı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti