Kaş, Zaur Həşimov Premyer Liqaya Əlirza Müştəbəzadə ilə başlayardı!
Bu, onun üçün də, komanda üçün də faydalı olardı.
İlk beş həftədə Nicat Mehralıyevə güvəndi, ağzı dönə-dönə yandı. İki ildən artıqdır «Sabah»ın ehtiyat skamyasında yatmış qapıçı ötən həftələrdə elə oyun olmadı ki, səhv etməsin.
Onu Premyer Liqa səhnəsinə qaytarmış baş məşqçini hər üzünə peşman elədi. Əvvəlcədən bunu bilsəydi, yəqin ki, Həşimov Mehbalıyevə qapını etibar etməzdi.
Nə bilsin, ekstrasens deyil, falçı deyil.
Əlirza «Qarabağ»la oyunda komandasının ən yaxşısı idi. İnamlı dayandı qapıda. O «çərçivə» üçün necə möhkəm darıxdığını bir neçə epizodda gözlər önünə sərdi.
Marko Yankoviçin penalti vuruşunu da qaytaracaqdı: zərbənin istiqamətini düzgün tapsa da, top barmaqlarını sürtüb keçdi.
«Qaabağ»a 0:1 hesabıyla uduzmaq «Şəfa» cəbhəsində hüzn yaratmamalıdır. Qətiyyən kədərlənməməlidirlər.
Əksinə, qoy sevinsinlər.
«Qarabağ» hər nə qədər keçid dövrünü yaşasa, ziqzaqvari etapdan keçsə də, yenə «Qarabağ»dır, adı üstündədir.
«Şəfa» taktiki cəhətdən düzgün oynadı, ev sahiblərinə müdafiə fazasında çox acıq vermədi, istəkli mübarizə apardı.
Həşimov bir baş məşqçi olaraq işini düzgün gördü. Sadəcə, səviyyəcə onlardan qat-qat güclü «Qarabağ» şansı da yanına alınca, daha onun edə biləcəyi başqa nəsə qalmadı.
MUSA
