“Sabah”ın 2014-cü il təvəllüdlü futbolçusu Əli Hüseynli İspaniyada “Vilyareal“ futbol akademiyasında çıxış etmək imkanına malik olub.
Lakin bu məsələdə əsas maneə sadəcə, akademiyanın qərarı və ya Azərbaycanın uşaqların xaricə getməsi ilə bağlı qanunları deyil.
Ət önəmli məsələ yetkinlik yaşına çatmayan futbolçuların beynəlxalq transferi və qeydiyyatı ilə bağlı FIFA qaydaları, həmçinin İspaniyanın miqrasiya və uşaq hüquqları ilə bağlı tələbləridir.
Yarımmüdafiəçi hazırda 11–12 yaşlarında olduğuna görə onun Azərbaycandan İspaniyaya gedərək orada futbol klubunda rəsmi qeydiyyatdan keçməsi adi transfer proseduru ilə həyata keçirilə bilməz.
FIFA-nın qaydalarına əsasən, 18 yaşına çatmamış futbolçuların beynəlxalq transferi ciddi şəkildə məhdudlaşdırılır.
Bununla belə, müəyyən istisnalar mövcuddur. Lakin həmin istisnalardan istifadə etmək üçün konkret hüquqi əsaslar və təsdiqedici sənədlər tələb olunur.
Burada mühüm məqam ondan ibarətdir ki, Əlinin məhz futbol oynamaq məqsədilə Azərbaycandan İspaniyaya aparılması ilə ailəsinin futbol fəaliyyəti ilə əlaqəsi olmayan səbəbdən İspaniyaya köçməsi eyni hüquqi vəziyyət deyil.
Məsələn, valideynlərdən biri İspaniyada işləmək və ya yaşamaq üçün qanuni əsas əldə edir və ailə birlikdə İspaniyaya köçür.
Əli həmin ölkədə qanuni əsaslarla yaşayır, məktəbdə təhsil alır və paralel olaraq futbol akademiyasında məşq edir. Belə olan halda, FIFA qaydalarında nəzərdə tutulan müəyyən istisnaların tətbiqi mümkün ola bilər.
Lakin Əlinin yalnız futbol akademiyasının dəvəti əsasında Azərbaycandan İspaniyaya göndərilməsi, orada yaşaması və İspaniya klubunda rəsmi qeydiyyata alınması əlavə hüquqi prosedurlar tələb edir.
Bu təqdirdə, akademiyanın dəvəti kifayət etmir.
Əlinin İspaniya akademiyasından dəvət alması avtomatik olaraq ona həmin ölkədə uzunmüddətli yaşamaq və futbolçu kimi qeydiyyatdan keçmək hüququ vermir.
Azərbaycan vətəndaşı olan yetkinlik yaşına çatmayan şəxsin İspaniyada hansı əsasla yaşayacağı, onun təhsilinin necə təşkil olunacağı, yaşayış şəraiti, valideyn və ya qanuni nümayəndəsinin statusu və digər hüquqi məsələlər ayrıca həll edilməlidir.
Bundan əlavə, Əlinin akademiyada məşq etməsi ilə rəsmi oyunlarda iştirak etməsi də eyni məsələ deyil.
O, müəyyən hüquqi şərtlərlə yoxlama və ya qısamüddətli futbol proqramlarında iştirak edə bilər. Amma bu, avtomatik olaraq onun İspaniya futbol sistemində rəsmi qeydiyyata alınaraq çempionat oyunlarında iştirak edə biləcəyi anlamına gəlmir.
Bu səbəbdən Əlinin İspaniyaya gedərək oradakı akademiyada daimi şəkildə futbol oynaması üçün təkcə akademiyanın dəvəti kifayət etmir.
Əsas sual budur: Əli FIFA qaydalarında nəzərdə tutulan hansı hüquqi əsas və ya istisna çərçivəsində İspaniya futbol sistemində qeydiyyatdan keçirilə bilər və onun İspaniyada yaşayışı hansı hüquqi statusla təmin olunacaq?
Məhz bu məsələlər həll edilmədən 2014-cü il təvəllüdlü Əlinin Azərbaycandan İspaniyaya gedərək, orada rəsmi şəkildə futbol oynaması mümkün deyil.
SPORTİNFO.AZ
