Azərbaycan millisinin Litva və Lixtenşteynlə oyunlar üçün ilkin heyəti açıqlanıb.
Baş məşqçi Ayxan Abbasov ölkənin bir nömrəli komandasına 30 nəfəri dəvət edib.
Təbii ki, iştirak ərizəsinə hamının adı salınmayacaq, kənarda qalanlar olacaq.
Açıq deyim, futbolla maraqlandığım gündən – 1994-cü ildən bu yana, yəni Narvik Sırxayev, Deni Qaysumov, Vyaçeslav Lıçkin, Kazimir Qudiyev və digərlərini gördüyüm andan ta indiyə kimi ruhumu oxşayan ən layiqli heyətdir.
Yuxarıda adları sadalananlardan başqa Leandro Qomes, Andre Ladaqa, Yuri Muzika, Markus Ferreryra, Ernani Pereyra, Usim Nduka, Fabio Luis Ramim, Badri Kvaratsxeliya, Branimir Subaşiç, Vladimir Levin, Aleksandr Çertoqanov, Dmitri Nazarov, Filip Ozobiç, Riçard Almeyda, Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov kimilər Azərbaycan millisinin formasını tərlədib.
Bu dəfəki heyət adamın ürəyinə yağ kimi yayılır. Düzdür, Anton Krivotsyukla Bədavi Hüseynov bu dəfə də dövlət himnimizi oxumağa cəhd edəcəklər.
Ölkədə mərkəz layiqli müdafiəçisi tapmaq baxımından korluq çəkdiyimizi nəzərə alsaq, müəyyən mənada anlamaq mümkündür.
Rəvan Mirzəməmmədov, Edqar Adilxanov, Fərid Yusifli, Oruc Məmmədov kimi debütantların dəvət olunmasının özü belə Azərbaycan futbolu üçün bayram sayılmalıdır.
Ümumiyyətlə, Ayxan Abbasovun gəlişindən sonra komandada “qan dəyişikliyi” müşahidə olunmaqdadır. Əvvəlki dönəmdə Xəyal Əliyevlə Rüfət Abbasov milli forma sevincini yaşamışdısa, bu dəfə yenilərin sayı çoxdur.
Elvin Cəfərquliyevlə Səbuhi Abdullazadənin zədədən əziyyət çəkməsi də gənclərin qapısını açan vacib amildir. Amma istənilən halda alqışlanmalı və dəstəklənməli qərardır.
Azərbaycan futbolçular üçün inanılmaz fürsət yaranıb. Bu günə qədər milliləşdirilmişlərdən gileylənirdilər ki, bizə şans verilmir, yığmanın formasını gəlmələr geyinir.
Buyurun, bu meydan, bu da siz. Göstərin fərasətinizi. Rəqiblər Fransa, Belçika, yaxud Macarıstan deyil, Litva ilə Lixtenşteyndir. Göstərin məharətinizi!
HƏBİB / SPORTİNFO.AZ
