Fərid Namazovun tezliklə «İmişli»nin baş məşqçsi postundan qovulacağı yönündə son günlər müxtəlif xəbərlər yayılıb.
Sosial şəbəkələrdə tirajlanan məlumatlara görə, Premyer Liqanın ilk 5 turunda qeydə alınan üç məğlubiyyət klub rəhbərliyinin səbr kasasını daşırıb.
Bildirilir ki, yönətim yayda sükan arxasına qaytardığı gənc çalışdırıcıya son xəbərdarlığını edib.
Dörd xala turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmış komandanın bu gün «Sabah»a uduzacağı təqdirdə, Namazova qapının göstəriləcəyi deyilir.
Saytımız bu informasiyaları dəqiqləşdirib. Öyrənmişik ki, Kamran Eyyubov bugünlərdə Fərid Namazovla görüşüb.
Klub prezidenti ona yayılan xəbərlərdən narahat olmamağı tapşırıb. Başqan tapşırıb ki, heç nəyə fikir verməsin, diqqətini yalnız öz işinə yönəltsin.
Aran təmsilçisinin başçısı məşqçiyə inandığını və arxasında dayandığını söyləyib.
SPORTİNFO.AZ
