“Biz onu "Qarabağ"a görə milliyə çağırdıq”

01:50 Qarabağ 122
“Biz onu "Qarabağ"a görə milliyə çağırdıq”

Macarıstan millisinin baş məşqçisi Marko Rossi “Qarabağ”ın futbolçusu Bense Várkonyiyə ilk dəfə dəvət göndərməsinin səbəblərindən danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 24 yaşlı müdafiəçini yığmaya çağırmağa dair düşüncələrin hələ iyunda olduğunu bildirib.

Onun sözlərinə görə, həmin vaxt fərqli qərar qəbul ediblər: “O vaxtdan Varkonyi klubunu dəyişib, müntəzəm oynayır və “Qarabağ”da yaxşı çıxış edir. Buna görə də onun bizimlə olması üçün vaxtın çatdığını düşündük”.

Macarıstan millisinin baş məşqçisi heyətə beş yeni futbolçunun cəlb olunmasının komandanın gəncləşdirilməsi siyasətinə uyğun olduğunu söyləyib: “Heyəti formalaşdırarkən çoxsaylı amilləri nəzərə alırıq və yaş da onlardan biridir. İki futbolçunun bacarıqları, göstəriciləri və nəticələri təxminən eynidirsə, daha gənc olana üstünlük veririk. Çünki o, gələcəkdə bizim üçün imkan yarada bilər. Əlbəttə, ilk növbədə bu gün üçün çalışıram, amma eyni zamanda gələcək haqqında da düşünməliyik. Komandamız cavanlaşıb, çünki gələcək gənclərə məxsusdur. Buna görə də uzunmüddətli perspektivdə potensial gördüyümüz daha çox futbolçunu komandaya cəlb etməyə çalışırıq”.

Rossi yeni futbolçular üçün milliyə dəvətin hələ başlanğıc olduğunu və onların bundan sonra özlərini sübut etməli olduqlarını vurğulayıb: “Oyunçu ilk dəfə bizimlə birləşəndə onun hekayəsi yenicə başlayır. Bundan sonra isə hər şey onun özündən asılıdır: özünü necə göstərəcək, nə dərəcədə sabit olacaq və inkişafını davam etdirə biləcəkmi? Əgər bunu bacarsa, təbii ki, onun milli komandada gələcəyi ola bilər. O, şans qazanır, lakin bundan sonra öz yerinə layiq olduğunu dəfələrlə sübut etməlidir”.

Macarıstan millisi UEFA Millətlər Liqasının B Liqasının 2-ci qrupunda yer alır. Komanda sentyabrın 25-də Ukraynanı qəbul edəcək, dörd gün sonra Şimali İrlandiyanın qonağı olacaq. Oktyabrın 2-də Macarıstan evdə Gürcüstanla qarşılaşacaq, oktyabrın 5-də isə Ukrayna ilə səfərdə üz-üzə gələcək.

Bense Varkonyi “Qarabağ”a iyulun 3-də Macarıstanın “Zalaegerseq” klubundan keçib. O, Azərbaycan təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!