Sənan Qurbanov üçün ya tamam, ya davam!

2 Mart 2021 14:40 Şamaxı 886
Sənan Qurbanov üçün ya tamam, ya davam!

Bu gün "Keşlə" Azərbaycan Premyer Liqasında növbəti görüşünə çıxacaq.

Rəqib Aftandil Hacıyevin çalışdırdığı "Səbail"dir.

"Səbail"lə görüş Sənan Qurbanovun Premyer Liqa çərçivəsində dördüncü oyunu olacaq. Buna kimi baş tutan üç oyununun heç birində yeni baş məşqçi qələbəyə sevinə bilməyib.

Gənc mütəxəssisin "Keşlə"nin sükanı arxasında Premyer Liqa çərçivəsində debutu Qəbələdə yerli komandaya qarşı olub. Bərbad oyunun nəticəsi olaraq "Keşlə" rəqibinə quru hesabla (2-0) məğlub olmuşdu. İlk oyun olduğu üçün Sənan Qurbanovun üzərinə o qədər də gedilmədi.

Növbəti rəqib isə çempionatın iddalı kollektivlərindən olan "Zirə" oldu. İnsafən Sənan Qurbanov komandasını Rəşad Sadıqovun yetirmələrinə qarşı yaxşı hazırlaya bilmişdi. Gözlənilənlərin əksinə olaraq oyun boyu meydanda diqtə edən tərəf onun yetirmələri oldu. Amma rəqibin azlıqda qalmasına rəğmən hesabda öndə olduqları oyundan 1 xalla ayrılması təbii olaraq Sənan Qurbanovun passivinə yazıldı.

Ötən tur "Sabah"la oyunda da "Keşlə" qələbəni sonda əldən verdi. Amma "Zirə" ilə oyundan fərqli olaraq "Sabah"la oyunda nəticədən əlavə göstərilən oyun da o qədər ürəkaçan olmadı.

Bu gün "Səbail"lə görüşdə baş verə biləcək uğursuzluq Sənan Qurbanovun da taleyinə böyük ölçüdə təsir edəcək. Hər halda arasında "Neftçi" və "Qarabağ"ın yer almadığı

4 rəqiblə oyunda uğursuzluq yaşamağın heç bir bəhanəsi olmayacaq. Hə, Qurbanov mən yığdığım heyət deyil deyə bilər.

Amma bu da var ki, o, bu şeyləri göz önünə alaraq "Keşlə"yə gəlib. "Keşlə" rəhbərliyinin baş məşqçi dəyiş-düyüşünə həvəsli olduğunu nəzərə alsaq, belə fürsəti əldən qaçırmayacaqları dəqiqdir.

Ona görə də Sənan Qurbanov üçün qurtuluş yolu elə məhz "Səbail" görüşdən başlaya bilər. Son turlar inamlı çıxış edən Aftandil Hacıyevin yetirmələrinə məğlubiyyət yaşatmaq isə o qədər də asan görünmür. Bunun üçün "Keşlə"nin baş məşqçisi yaxşıca baş sındırmalıdır.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti