Mundialda 32 stadiona cavabdeh azərbaycanlı qəhrəman: “Sürpriz oldu”

27 Noyabr 2022 20:40 Bizimkilər 1 798
Mundialda 32 stadiona cavabdeh azərbaycanlı qəhrəman: “Sürpriz oldu”

Qətərdə keçirilən dünya çempionatında Azərbaycan millisi olmasa da, azərbaycanlılar var.

Qeyri-rəsmi mənbədən əldə etdiyimiz bilgiyə görə, artıq xeyli vaxtdır 200-ə yaxın həmyerlimiz Asiyanın zəngin ölkəsində mundialın əziyyətini çəkir.

Həmin şəxslər yaşıl meydanlarda top dalınca qaçmır. Amma mötəbər turnirin nöqsansız başa çatması üçün bilik və təcrübəsini bölüşür.

Belələrindən biri də Mingəçevir Özəl Türk Litseyinin məzunu, ali təhsilini Türkiyənin Karadeniz Texniki Universitetinin Elektrik və elektronika mühəndisliyi fakültəsində almış Xəyyam Əliyevdir.

Xəyyam bəy dünya çempionatının qızğın vaxtında imkan taparaq Sportinfo.az-ın suallarını cavablandırıb.

Mundialda ardıcıl 6 oyunu uddu - Fransa tarixində ilk dəfə

- Gördüyünüz işdən başlayaq. Üzərinizə düşən məsuliyyət nədən ibarətdir?

- Qətərdəki 32 məşq stadionunun elektrik işlərinin FİFA standartlarına uyğun olaraq dizayn və quraşdırması işlərinə cavabdehəm. FİFA bu işlərə çox ciddi nəzarət edir və ən kiçik detal belə, çox önəmlidir. Yəni gözdən heç nə qaçmamalıdır. İş həcminə baxanda, çox çətin və ciddi işdir. Üzərimə düşən məsuliyyət böyükdür.

- Azərbaycanlı mütəxəssisə dünya çempionatına hazırlıqla bağlı gələn təklif. Maraqlıdır, dəvətə necə yanaşdınız?

- Açığı, belə bir imkan yaranacağını gözləmirdim. 2015-ci ildə “Crystall Hall”ın hazırlanması zamanı birgə işlədiyim xarici iş yoldaşım bir müddət əvvəl DÇ-2022-nin hazırlığı ilə bağlı belə bir planın olduğunu söylədi. Bu haqda heç kimə demədim, hətta evdəkilərə də (gülür). CV-ni yolladım, müsahibədən uğurla keçdim və yalnız bundan sonra ailəmə məlumat verdim. Hadisələr bir göz qırpımında cərəyan etdiyindən mənim üçün sürpriz oldu.

- Bunu sizin üçün keçilmiş yol saymaq olar, yoxsa ilk böyük təcrübədir?

- Söhbət beynəlxalq yarışlardan gedirsə, Azərbaycanda yetərincə təcrübə toplamaq imkanımız olmuşdu. Avropa Oyunları, şahmat üzrə dünya çempionatı, İslam Həmrəyliyi Oyunları və ən əsası, Formula-1. Tək mən yox, əminliklə deyə bilərəm ki, burada çalışan hər bir azərbaycanlı kifayət qədər təcrübə sahibidir. Bu cür yarışlarda idman növlərinin adı fərqli olsa da, üzərimizə düşən iş aşağı-yuxarı eynidir. Bəzən standartlarla bağlı hansısa dəyişikliklər qaçılmazdır. Amma konsept eynidir. Burada dünya çempionatının həyəcanını canlı hiss etmək, hə, bu, artıq başqa bir təcrübədir.

Mundialda ardıcıl 6 oyunu uddu - Fransa tarixində ilk dəfə

- Sirr deyilsə, qazancınız necədir? Dünya çempionatının çəkisinə cavab verirmi?

- Məvaciblər vəzifəyə görə dəyişir. Açığı, mən bura gələndə daha çox karyeramı düşündüm. Dünya çempionatında iştirak etmək mənim üçün karyeramın premyer-liqası kimidir. Maaş da şükür, qane edir.

- Ajiotaj necədir? Gördüyün, ünsiyyətdə olduğun yerli insanlar və ya turistlər nə deyir, təəssüratları necədir?

- Bu günə qədər bir neçə beynəlxalq turnirin təşkilində iştirak etmişəm. Əminliklə deyə bilərəm ki, Qətər bu işi çox yaxşı aparır. Burada olduğuma görə demirəm, həqiqətən də belədir. İnsanlarla danışırıq, fikir mübadiləsi aparırıq, demək olar hamı razıdır. Bu qədər işçi qüvvəsi, iştirakçı komandalar və turist çoxluğu müqabilində və nəzərə alsaq ki, əsas yolların bir neçəsində sıxlıq var, ölkədə tıxac problemi yoxdur. Mundialın startından əvvəl şəhərin bu başında o başına 15 dəqiqəyə çata bilirdik. Amma indi oyunlarla əlaqədar və turistlərə daha çox əyləncə mərkəzləri düzəltmək üçün əsas yolların bir neçəsi avtomobillər üçün bağlıdır. Yalnız piyadaların keçidinə icazə var deyə, oyun başlamamışdan bir neçə saat əvvəl stadionlara yaxın ərazilərdə tıxac görmək mümkündür. Açığı, buna tıxac deməyə adamın dili də gəlmir.

Mundialda ardıcıl 6 oyunu uddu - Fransa tarixində ilk dəfə

- Akkreditasiyanız var. Bundan istifadə edib ulduz futbolçuları yaxından görmək, imza almaq, şəkil çəkdirmək şansını əldən vermirsiniz yəqin.

- Dediyim kimi, 32 məşq stadionuna cavabdehlik daşıyıram. Bütün yığmalar bu stadionlarda məşq edir. Yəni bu komandaların məşqi zamanı stadionun bütün ərazilərinə daxil olmaq icazəm var. Hətta məskunlaşdığı otellərdə belə, bəzi elektrik işlərinə cavabdehəm. 32 komanda isə 32 otel deməkdir.

- Şanslısınız...

- (gülür) Ulduzları yaxından görmək, məşqlərin müəyyən hissəsini izləmək baxımından ola bilər. Amma işimiz o qədər çoxdur ki, imza almaq, yaxud şəkil çəkdirməyə imkan olmur. Hətta imkan olsa belə, bu kimi şeylər bizə qadağandır. Təhlükəsizlik tədbirləri yüksək səviyyədə qurulub. Məşq və oyun stadionlarına giriş zamanı yerli polis orqanları çantaları və geyimləri yoxlayır ve diger mühafizə sistemi isə akkreditasiyaları test etmək üçün qurulub. Addımbaşı hər yerdə mühafizəçilərə rast gəlmək mümkündür.

- Bu cür tədbirlər zamanı süni qiymət artımı müşahidə olunur. Uzağa getməyək, Azərbaycandakı beynəlxalq yarışlar vaxtı Bakının mərkəzində qiymətlər kəllə-çarxa yüksəlir.

- Restoranlarda qiymətlər əvvəlki kimi qalır. Yəni turistlərə görə xüsusi qiymət artımı yoxdur. Məskunlaşmada inanılmaz qiymət artımı var, taksi xidməti isə tələbə uyğun olaraq müəyyən həddə dəyişə bilir. Fikrimcə, turist artımı olanda otel və nəqliyyat sahəsində bahalaşma normaldır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti