İlham Əliyev: “Ədalətə inamım yalnız biz müharibədə qalib gələndən sonra yarandı”

27 Noyabr 2022 12:30 Bizimkilər 401
İlham Əliyev: “Ədalətə inamım yalnız biz müharibədə qalib gələndən sonra yarandı”

“Mənim ədalətə inamım yalnız biz müharibədə qalib gələndən sonra yarandı”.

Bunu Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

Dövlət başçısı bildirib ki, müxtəlif ölkələrin ərazi bütövlüyünə selektiv yanaşma var: “Biz özümüz ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkmişik. Ona görə də ərazi bütövlüyü beynəlxalq hüququn başlıca prinsipidir. Sizə deyə bilərəm ki, işğal dövründə biz hər zaman müəyyən mənada, yumşaq desək, məyus olurduq ki, postsovet məkanında münaqişələrə fərqli münasibət var. Gürcüstan və Moldovada münaqişə ilə bağlı, hətta Ukraynadan əvvəl, bu ölkələrin ərazi bütövlüyünə dəstək tamamilə açıq şəkildə ifadə olunurdu. Azərbaycana gəlincə, biz heç vaxt vasitəçilərdən belə açıq yanaşma və ya bəyanat eşitməmişik.

Onların yanaşması belə idi ki, siz razılaşmalısınız. İctimaiyyət qarşısında yanaşma bu idi. Bizim bəzən qapalı danışıqlar zamanı aldığımız mesajlar ondan ibarət idi ki, bu, reallıqdır və hər bir ölkə öz reallığını nəzərə almalıdır.

Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə soruşanda isə heç bir cavab yox idi, ərazi bütövlüyü barədə heç bir cavab yox idi, Helsinki yekun aktı barədə heç bir cavab yox idi. Biz dedik ki, yaxşı, bu, reallıqdırsa, onda biz bu reallığı dəyişəcəyik və biz reallığı dəyişdirmək üçün özümüzü hazırlamağa başladıq. Bu, belə baş verdi”.

“Vəziyyəti dəyişən beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordumuz, xalqımız və siyasi iradəmiz oldu. Beləliklə, reallıqlar dəyişməlidir. Sizin bunu etmək üçün gücünüz varmı? Varsa, bunu edirsiniz, yoxdursa, güc toplayırsınız. Əgər sakit həyat istəyirsinizsə, bu reallıqla razılaşırsınız. Bizim seçimimiz fərqli idi. Mənə yuxusuz gecələrlə bağlı sual verildi. Bəli, işğal dövründə çox olub qəzəb hissinə görə, nə isə baş verəcəyi hissinə görə deyil, qəzəb hissinə görə və bəzən dünyanın bu ədalətsizliklə necə nizamlandığını anlamağa görə.

Mənim ədalətə inamım yalnız biz müharibədə qalib gələndən sonra yarandı. Mən yenidən ədalətə inanmağa başladım. Ona görə də yenə də bunun sonunun necə olacağını bilmirəm. Bizim etdiklərimiz açıq-aşkardır. Bizim ərazi bütövlüyünün bərpası ilə bağlı vəziyyətə necə yanaşdığımız da məlumdur. Ona görə də siz güclü olmalısınız. Əfsuslar olsun ki, bu, XXI əsr beynəlxalq münasibətlərinin nəticəsidir. Qətnamələri, bəyanatları, xoş sözləri unudun, onların heç bir dəyəri yoxdur. Siz, sizin xalqınız, ordunuz və sizin ədalət hissiniz”-deyə, Dövlət başçısı bildirib.

Digər Xəbərlər
Xəbər Lenti