Futbolumuzun inkişafına ən böyük təkan olacaq məqamlardan biri də yerli futbolçuların ölkə xaricində yaxşı karyera yaşaya bilmələridir.
Əgər bu gün bir neçə yaxşı legioner həyatı yaşayan oyunçumuz olarsa, bu, həm digər yerlilərə olan marağı artırmış olar, həm də Azərbaycan millisinin nəticələrinə müsbət təsir edər.
Amma təəssüf ki, bu gün belə futbolçumuz demək olar yoxdur.
Bütün futbol ictimaiyyətinin tək ümid yeri isə Mahir Emrelidir.
Onun da "Dinamo"da (Zaqreb) işləri heç yaxşı getmir. Halbuki əvvəlki komandası "Legiya"da yaxşı start götürə bilmişdi.
Polşa təmsilçisini heyətində bir çox vacib qollara imza atan forvard günlərlə sosial şəbəkələrin gündəm adamı olurdu.
Futbolsevərlər onun vurduğu qola, etdiyi asistə uşaq kimi sevinirdi. İndi də hamımız ümid edirik ki, yaxın zamanda gözəl günlər "Dinamo"da da yaşanacaq.
Elə bu ümid və narahatlıqla hər oyun Xorvatiya təmsilçisinin heyətinə baxırıq ki, görəsən, baş məşqçi ona şans veribmi. Və ya 90 dəqiqə oyunları həyəcanla izləyirik ki, bəlkə, Mahiri də meydanda görərik.
Nədənsə 25 yaşlı milli üzvü bütün bunları görməzdən gəlib. Belə ki, mətbuata açıqlama verən futbolçu elə danışıb ki, sanki azərbaycanlılar buna düşməndi. Onun uğursuzluğunu istəyir.
SİTAT: "Mən də bu yola uğur qazanmaq üçün çıxmışam. Bunu hamıdan çox istəyirəm. Açığı, Azərbaycanda azarkeşlərin mənə görə narahatlıq keçirdiyini düşünmürəm".
Belələrinə atalarımız elə yaxşı deyib - çörəyi dizi üstündə olan.
Hə, statın davamında Emreli xala-xətrin qalmasın deyə "Narahat olanlar varsa, onlara təşəkkürümü bildirirəm" minnətini də qoymağı unutmayıb.
Qonşu gürcü xalqı Xviça Kvarakseliyanın İtaliyadakı futbol şousuna tamaşa edir, bizim Mahir də hələ ortada heç nə olmaya-olmaya bizə minnət qoyur. Gör, indi bu Xviça olsa nə edərdi də...
XANOĞLAN İMANOV

