«Oğlumun yaşı az olsa da, artıq Rusiyada öz meneceri var».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zenit»in formasını geyinən Ömər Axundovun atası Dinar Axundov deyib.
Qonşu ölkədə yaşayan ailənin başçısı müqavilə bağladıqları agentin oğlunu xaricə aparmağı planlaşdırdığını söyləyib:
«Mən də, o da istəyir ki, Ömər Azərbaycan millisinin formasını geyinsin. Bilirsiz ki, Ukraynada baş verən məlum hadisələrə görə FİFA və UEFA Rusiya millisinə və klublarına sanksiya tətbiq edib,
beynəlxalq yarışlardan kənarlaşdırıb. Bunun nə qədər belə davam eləyəcəyi hələ bilinmir. Menecer bizə deyir ki,
Ömər Azərbaycan yığmasında oynamaqla öz perspektivini daha tez aça bilər. Ancaq o, oğluma Azərbaycanda qalmağı, yerli klubların biriylə müqavilə bağlamağı məsləhət görmür.
Ömərlə bağlı başqa planları var. Onu bir müddət sonra Avropaya aparmaq niyyətindədir».
2006-cı ildə həyata göz açan Ömər 3 yaşından futbolun sirlərini öyrənməyə başlayıb. Kalininski şəhərinin yerli «Zenit»ində topla tanış olan həmyerlimiz indiyədək bu klubun şərəfini qoruyur.
Sol cinah hücumçusu AFFA-nın skautlarının diqqət mərkəzindədir. İlk dəfə yayda Bakıdan zəng alan Ömərin tezliklə U-18 yığmasına cəlb olunması gözlənilir.

