Ötən həftə İtaliyanın paytaxtı Roma şəhərində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 84-cü konqresi keçirildi.
AIPS prezidenti Canni Merlo, UEFA prezidenti Aleksandr Çeferin, dünya idmanının və idman jurnalistikasının bir çox başqa ünlü simalarının qatıldığı konqresdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) birinci vitse-prezidenti Nərgiz Mahmudzadənin Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) İcraiyyə Komitəsinə üzv seçilməsi ölkəmiz adına uğur oldu.
Buna qədər 2010-cu və 2014-cü illərdə AİJA prezidenti Eldar İsmayılov bu nüfuzlu qurumun İcraiyyə Komitəsinə üzv seçilmişdi.
Eldar İsmayılov qitənin aparıcı idman jurnalistləri təşkilatının rəhbərliyində olduğu dövrdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası - AIPS-in konqresinin və “AIPS Avropa”nın İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsinə və ölkəmiz üçün bir çox başqa önəmli işlərə nail olmuşdu. Amma son illər bu nüfuzlu qurumun rəhbərliyində ölkəmiz təmsil olunmurdu.
Sports.az əlamətdar hadisə ilə bağlı Sportinfo.az saytının baş redaktoru İlkin Vaqifoğlunun fikirlərini öyrənib:
“Azərbaycanın uğurlarının çoxlarını qəzəbləndirdiyi və ölkəmizə qarşı haqsız təzyiqlərin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə böyük səs fərqi ilə seçilən Nərgiz xanımı təbrik edirəm.
Avropanın ən nüfuzlu idman mediası qurumunun rəhbərliyində Azərbaycanın təmsil olunması ölkəmiz üçün çox yaxşı hadisədir.
Bu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının son illərdə göstərdiyi fəaliyyətə verilən qiymətdi. Sportinfo.az saytı olaraq, daim AİJA-nın tədbirlərini geniş işıqlandırırıq.
Görünür ki, Nərgiz Mahmudzadənin Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının rəsmi saytında və jurnalında Azərbaycanla bağlı mütəmadi yazıları da AIPS Europe nümayəndələrinin diqqətindən qaçmayıb.
Ümid edirəm ki, AİJA sükanı belə saxlayacaq, Nərgiz xanım isə həm ölkəmizin imicinin beynəlxalq miqyasında daha da yaxşılaşdırılması, həm də idman jurnalistikamızın inkişafı üçün öz potensialını tam ortaya qoyacaq”.

