Rusiya vətəndaşı olan soydaşlarımızın çətin seçimi: Səfərbərlik, yoxsa Azərbaycan?

25 Sentyabr 2022 02:10 Bizimkilər 964
Rusiya vətəndaşı olan soydaşlarımızın çətin seçimi: Səfərbərlik, yoxsa Azərbaycan?

Rusiya prezidenti Vladimir Putin ölkəsində qismən səfərbərlik elan edib.

Məlumdur ki, Rusiyada bu ölkənin vətəndaşlığını almış yüz minlərlə azərbaycanlı yaşayır. Onlar bu qərarı necə qarşılayıb? Panika varmı?

Bəllidir ki, Ukrayna vətəndaşı olan azərbaycanlıların bir çoxu Ukrayna ordusunun tərkibində savaşır,

Onların arasında həlak olanlar da var. Bəs Rusiyadakı soydaşlarımız? Onlar işğalçı müharibədə Rusiya tərəfdə vuruşarmı - çağırış gəlsə. Azərbaycana qayıtmağı düşünürlərmi, peşman deyillər ki?

Bəs qayıtmaq imkanları necə, varmı? Əgər Rusiya dövləti baryer qoysa... Azərbaycana kütləvi geri köç mümkünmü?

Kursk şəhərində yaşayan Baba Rəhmanov çıxış imkanlarının olmadığını bildirdi: “Burdan heç kim heç yerə getməyəcək. Əgər biri Rusiya vətəndaşıdırsa, onu mütləq aparacaqlar. Elə bir söhbət yoxdur ki, mən ya istəyirəm, ya yox. Qeydiyyatın varsa, məsələ bitir. Burada baxmırlar ki, bu azərbaycanlı, erməni, gürcü yaxud başqa qeyri-millətdir, Rusiya vətəndaşıdırsa, vəssalam. Bir neçə azərbaycanlı ilə danışmışam, deyirlər ki, hamı necə, biz də elə, aparsalar, gedəcəyik. 65 yaşınadək kişilərə ölkədən çıxmaq üçün bilet satılmır. Yalnız Hərbi Komissarlıqdan kağız ala bilər ki, gedə bilər ya yox. Burada tanıdığım bir azərbaycanlı cəhd etdi ki, ölkədən çıxsın, ona bilet satmadılar. Vətəndaşlığı var idi”.

Kiyevdə sakitlik, Donbassda şiddətli döyüş: rus qoşunu irəliləməkdədir -  Ukraynadan - Ayna.az

Moskva vilayətinin Kubinka şəhərində yaşayan, əslən Kürdəmirdən olan şəxs isə AzadlıqRadiosuna deyib ki, Rusiya vətəndaşı olan oğlunu da xidmətə çağırıblar. Onun sözlərinə görə, hərbi komissarlıqda öyrənib ki, çağırılanların bir çoxu Qafqazdan və Orta Asiyadandır: “Oğlumu Azərbaycana göndərmək istəyirəm. Biletlər kəllə-çarxa çıxıb. Yaxın günlərə bilet yoxdur, dedilər, 29-na birbaşa 77 min 353 rubldur. Bizim pulla indi haradasa 2 min 100 manatdan bahadır. Üstəlik, ehtiyat edirik ki, onu hava limanında saxlaya bilərlər. Quru sərhəd isə bağlıdır. Çıxılmaz vəziyyətdəyik. Mənim kimi bu şəhərdə çoxlu soydaşımız çıxılmaz vəziyyətə düşüblər”.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlılardan bəzilərinin deməsinə görə, Lənkərana bir biletin qiyməti artıq 3 min manata yaxınlaşmaqdadır. Təyyarə biletlərinin belə kəskin bahalaşması ilə bağlı şikayətlərə Azərbaycan və Rusiyanın uyğun rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Rusiyadakı daha bir soydaşımız Rumiyyə Ağabalıyeva isə facebookda bunları yazıb: “Kurqanda yaşayıram. Burada Rusiya vətəndaşları narahatdır. Çünki tanıdığımız çox insanlara çağırış gəlib. Zəng edib çağırırlar. Allah hamının köməyi olsun. Bircə ara sakitləşsin. Bu millət yazıqdır”.

Elan edilən səfərbərlikdən dərhal sonra minlərlə Rusiya Federasiyası (RF) vətəndaşı səfərbərlikdən yayınmaq üçün ölkə xaricinə çıxmağa çalışır. Nəticədə vizasız ölkələrə olan uçuşlarda biletlərin qiyməti fantastik dərəcədə artıb. Rusiyanı tərk etmək istəyənlər arasında Rusiyada yaşayan, Azərbaycan vətəndaşılığını saxlayaraq RF vətəndaşlığını qəbul etmiş azərbaycanlılar da var. Onlar təyyarə biletlərinin bahalığı səbəbilə Azərbaycana quru yolla keçmək istəyirlər. Amma məlum olduğu kimi, Azərbaycan hökuməti pandemiyanı əsas tutaraq 1 noyabra qədər quru sərhədlərini bağlı elan edib.

Bəs durumu nəzərə alıb Azərbaycan tərəfi humanitar məqsədlə quru sərhəddən keçidə icazə verə bilərmi?

“Time TV”-nin bununla bağlı sorğusunu cavablandıran Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Vahid Əhmədov bunları söyləyib: “Əlbəttə, o insanlar bizim vətəndaşlarımızdır. Onlar vaxtında gərək fikirləşəydilər. İlin əvvəlindən Ukrayna-Rusiya müharibəsi gedir və bütün dünya da faktiki olaraq Ukraynaya kömək edir ki, Rusiya bu müharibədə qalib gəlməsin. Mənim aldığım məlumata görə, bizim Rusiyada olan vətəndaşlarımızdan hətta orduya çağırılanlar var. Onlara ”poveskalar" gəlib. Onlar bizim vətəndaşlarımızdır, biz onları qorumalıyıq. Amma indi məsələ hələlik çətindir. İranda nələr baş verir bilirik, Rusiyada çox gərgin vəziyyətdir. Ətraf sərhədlərdə problemlər kifayət qədər böyük olduğu üçün hələlik quru sərhədlərin açılması məsələsi müzakirə olunmur. Amma müzakirə oluna bilər. Nə vaxt? Bunu deyə bilmərəm".

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti