Qarabağ qəhrəmanları komanda yaratdı, AFFA-dan qeydiyyatdan keçdi, qərar verildi ki... FOTOLAR

23 Sentyabr 2022 19:00 Bizimkilər 1 681
Qarabağ qəhrəmanları komanda yaratdı, AFFA-dan qeydiyyatdan keçdi, qərar verildi ki... FOTOLAR

Bakıda Qarabağ müharibəsi qəhrəmanlarının yer aldığı “Difai” futbol komandası yaradılıb.

Komanda AFFA-da qeydiyyatdan keçib və oktyabrda start götürəcək Region Liqasında iştirak edəcək.

Trend-in əməkdaşı komandanın ilk məşqindən reportaj hazırlayıb.

Klubun prezidenti Əlil Arabasında Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Leninqrad Ali Hərbi Məktəbinin, Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, qılıncoynatma üzrə beynəlxalq dərəcəli məşqçi, birinci Qarabağ müharibəsi veteranı Asəf Məlikovdur.

Asəf Məlikov həmkarımızla söhbətdə qeyd edib ki, “Difai” (Müdafiə) komandasının adı təsadüfi seçilməyib.

Bu ad 1906-cı ildə erməni terrorçularına və daşnaklara qarşı mübarizə məqsədilə Gəncə şəhərində yaradılmış Azərbaycanın ilk antiterror təşkilatı ilə bağlıdır:

"Difai” komandası 5 mart 2018-ci ildə - Bədən Tərbiyəsi və İdman Günündə yaradılmış eyniadlı klubun bazasında yaradılıb.

Bildiyiniz kimi, klubun ilkin fəaliyyəti əlillər arasında qılıncoynatma idmanını təbliğ etmək olub. Daha sonra döyüş əməliyyatları zamanı yaralanmış ikinci Qarabağ - 44 günlük Vətən Müharibəsi veteranlarını cəlb etməyə başladıq.

Biz Qarabağ müharibəsi şəhid ailələrinə və qazilərinə daim dəstək olur, xeyriyyə aksiyaları keçirir, onları paralimpiya hərəkatına cəlb etməklə sosial-psixoloji və hüquqi yardım göstəririk.

Qeyd etmək istəyirəm ki, 2021-ci ilin noyabrın 1-də - Qələbə Gününün birinci ildönümü şərəfinə Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Ağdamda - İmarətdə Pənahəli Xan Sarayı Kompleksinin qarşısında Qələbə Kubokunun (Zəfər Kuboku) finalı keçirilib.

30 illik işğaldan sonra azad edilmiş ərazidə ilk dəfə olaraq 44 günlük Vətən Müharibəsi qazilərinin iştirakı ilə idman yarışı təşkil olunub.

Bu ilin may ayında Qarabağ savaşının 50 qazisi ilə birlikdə Türkiyədə "Alanyaspor" futbol klubunun qonağı olduq.

Bundan sonra biz Qarabağ müharibəsinin iştirakçıları arasında futbol oynamağı bacaran qəhrəmanları bir yerə toplayıb, onları bir komandada birləşdirib yarışlarda iştirak etmək qərarına gəldik.

Bu, təkcə döyüş meydanında öz məharətini və idmanda qalib gəlmək məharətini göstərmək üçün əla yol deyil.

Həm döyüş meydanında, həm də futbolda komanda ruhunun böyük əhəmiyyət kəsb etdiyini sübut etməkdir. Komandamıza istedadlı gənclər də cəlb olunub ki, onlar qəhrəmanlarımızla birlikdə futbol oyunlarında mütləq öz güclərini göstərəcəklər”.

Ardınca ikinci Qarabağ müharibəsinin qəhrəmanları yeni yaranan komanda ilə bağlı təəssüratlarını bölüşüblər.

21 yaşlı Anar Orucov kəşfiyyətaçı olub, Füzuli, Xocavənd, Cəbrayıl və Şuşanın azad edilməsində “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib:

"6 yaşımdan futbola həvəsim olub, müxtəlif klublarda çıxış etmişəm. Asəf Məlikov məni komandaya dəvət etdi və iddialı planları öyrəndikdən sonra dəvəti məmnuniyyətlə qəbul etdim. Çempionluq üçün oynayacağıq!"

26 yaşlı İsmayıl Qəmbralı Suqovuşanın azad edilməsinə, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa, quru qoşunları və kəşfiyyat xidmətlərindəki fəallığa görə hərbi medallarla təltif edilib.

"Ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına böyük ehtiramla yanaşılır.

Döyüş meydanında xalqımızın etimadını doğrultduğumuz kimi, futbol meydançasında da klubun etimadını qazanacağımız qələbələrlə doğrultmağa çalışacağıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti