"Ukraynada daim oynasam, Azərbaycanın əsas millisinə dəvət ala bilərəm"

17 Sentyabr 2022 03:20 Bizimkilər 1 164
"Ukraynada daim oynasam, Azərbaycanın əsas millisinə dəvət ala bilərəm"

Sportinfo.az xəbər verir ki, "Aleksandriya"nın futbolçusu Emil Mustafayev sportal.az-a müsahibə verib.

U-21 yığmamızın da üzvü olan yarımmüdafiəçi Ukraynadakı hərbi duruma görə yığmamızın düşərgəsinə qoşula bilməmişdi.

"Aleksandriya"da gələcəyinə böyük ümidlər bəslənilsə də, Mustafayev bu mövsüm geridə qalan 4 turda meydana çıxa bilməyib.

O, saytımıza müsahibəsində 2022/2023 mövsüm debüt edə bilməməsindən də söhbət açıb.

- Ukraynada hazırki durum hansı vəziyyətdədi? Hansısa irəliləyiş var?
- Ukraynadakı vəziyyət yaxşılaşır. Bu mənada yaxşılaşır ki, Ordu əks-hücumlara keçib torpaqları geri qaytarır. Amma Rusiyanın raketləri çoxdu və bütün şəhərlərə zərbələr endirir. Onlarda heç nə alınmadığına görə, çıxış yolları, edəcəkləri budur. Raket zərbələri ilə dinc əhalini öldürürlər, evləri dağıdırlar. Amma ümumilikdə Ordu əks-hücumda istədiyi nəticələri qazanır.

- Bu mövsüm Ukrayna çempionatının bir neçə oyununda həyəcan siqnalları verildi, matçlarda dayanmalar baş verdi. Belə vəziyyətdə futbola köklənmək çətin deyil?
- Bəli, bu mövsüm çempionatımızda dediyiniz hadisələr baş verib. Amma geridə qalan 4 oyunumuzda bizdə hələ ki, siqnal həyəcanı verilməyib. Oyunlarımız sakit keçib. Ümidvaram ki, belə də olacaq.

- "Aleksandriya" mövsümə pis başlamayıb. Komanda dörd turdan sonra 7 xala malikdi. Daha yaxşısı mümkün idi, yoxsa hazırki durum sizi razı salır?
- Bəli, hazırda komandanın 7 xalı var. Düşünürəm ki, normal nəticədi. Təbii ki, hər zaman daha yaxşısına çalışırsan. Lakin mövsümə yaxşı başladığımızı deyərdim.

- Ancaq geridə qalan heç bir oyunda meydana çıxmamısan. Komandada ən perspektivli futbolçu hesab edilsən də, baş məşqçi Yuriy Quranın sənə debüt etmək şansı verməməsi nə ilə əlaqədardı?
- Bəli, Yuri Qura məni 16 yaşımdan tanıyır, həm də güvənir. Amma nəyə görə bu mövsüm şans vermədiyini bilmirəm. Hansı söhbətlər gedir, nə baş verdiyini anlamıram. Məşqlərimi edərək, daim hazır olmağa çalışıram.

- Hətta ötən mövsüm 6 oyuna 2 qol vurmağın da bu sezon debütünün reallaşmasına kömək etmir?
- Ötən mövsüm çempionatda cəmi 3 oyun oynamışdım. Digər matçlarda isə 10-15 dəqiqə oynamışdım. Meydanda olanda da əlimdən gələni edirdim. Yəni, məndən asılı olan nə varsa, onu edirəm. İndi bir aylıq fasilə olacaq. 4-5 gün evdə istirahət edəcəyik. Ondan sonra isə məşqlərimiz bərpa olunacaq. Hazırlaşacam, çox çalışacam. Oynamaq üçün ən yaxşə şəkildə məşq edirəm.

- Azərbaycanın U-21 yığmasında debüt etmisən, oynayırsan. Ukrayna Premyer Liqasında stabil oynayacağın təqdirdə, Azərbaycanın əsas millisinə cəlb olunmağı istəyirsən?
-
Əlbəttə ki, Ukrayna Premyer Liqasında daim oynasam, yaxşı oyun göstərsəm, Azərbaycanın əsas millisinə dəvət oluna bilərəm. Özüm də Azərbaycanın əsas millisində oynamaq istəyirəm. İndi komandadakı matçlarıma yönəltmişəm. Gələcəkdə necə olacağını görəcəyik. Hələ ki, komandada legioner hesab edilmirəm. Çünki əsas millidə oynamamışam. İndi istədiyim millidə oynaya bilərəm.

Digər Xəbərlər
Xəbər Lenti