Azərbaycanlı məşqçi Novruz Əzimovun ölkə xaricində çalışacağını xəbər vermişdik.
Təcrübəli mütəxəssis Moldova təmsilçisi "Dinamo - Avto" komandası ilə mövsümün sonuna kimi anlaşıb.
Həmyerlimizi yeni iş yerində heç də xoş mənzərə gözləmir. Belə ki, onun çalışdıracağı komandanın hazırkı durumu ağıllara gəlməyəcək qədər acınacaqlıdır.
Belə ki, mövsümə iki qolsuz heç-heçə ilə start verən kollektiv ardıcıl 4 matçda məğlubiyyət alıb.
Ən acınacaqlısı isə odur ki, sabiq baş məşqçi Anatoliy Teslevin rəhbərliyi altında Traspol təmsilçisi rəqib qapılarından 1 qol belə keçirə bilməyib. Əvəzində öz qapısında 10 qol görüb.
8 komandalı çempionatda hazırda sonuncu pilləni tutan "Dinamo"nun aktivində - 4 xal var. Belə ki, Moldova Futbol Federasiyası bu komandanya 6 xal cəzası verib. Xallardan ikisi ilk iki turda ödənilib, amma 4 xal hələ də qalır.

Çempionatın formatına görə isə iki dövrəli mübarizədən sonra ilk altılıq mübarizəyə davam edəcək.
Ən yaxın izləyicisi "Zimbru"nun 3, altılığı tamamlayan "Daçıya"nın isə 7 xalı var. Bu gün 7-ci tur çərçivəsində Əzimovun debüt matçı məhz "Daçiya"ya qarşı olacaq.
Klub sonuncu pillədə qərarlaşsa da heyəti kifayət qədər geniş əcnəbilərlə doludur. Nə az, nə çox 18 legioner klubun uğurları üçün mübarizə aparır. Onların arasında Türkiyədən, Fil Dişi Sahilindən, Qabondan, Tacikistandan gəlmə oyunçular var. Cəmi 4 futbolçu isə yerli statusundadır.
Göründüyü kimi, 62 yaşlı mütəxəssis çox acınacaqlı durumda olan komandada işlə başlamaqla ağır yükün altına girmiş olub.
Uğurlu olmaq ehtimalı çox azdır, amma yenə də bizə düşən ümid etməkdir. Ən azından ölkə xaricində işləmək cəsarətinə görə Novruz müəllimə "əhsən" düşür. Qalır indi bunu bir də uğurlu çıxışla əldə etmək.
XANOĞLAN / SPORTİNFO.AZ

