PROBLEM - Mahir Emrelinin Azərbaycanda kimə borcu var?

9 Sentyabr 2022 17:00 Bizimkilər 4 203
PROBLEM - Mahir Emrelinin Azərbaycanda kimə borcu var?

"Napoli"nin yay fasiləsində 10 milyon qarşılığında heyətinə qatdığı Xviça Kvaratsxeliya dünya futbolunun gündəmi olmağa davam edir.

O, öncə İtaliya A seriyasında meydana çıxdığı ilk 5 maçta vurduğu 4 qol və etdiyi 1 asistlə Neapola əbəs yerə gəlmədiyini göstərmiş oldu.

İki gün əvvəl isə 21 yaşlı futbolçu Çempionlar Liqasında "Liverpul"a qarşı oyunda əla performansla yadda qaldı.

Onun bir qolun asistini etdiyi matçda İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazandı. Xviçanın meydandakı faydalılığı isə azərbaycanlıları sosial şəbəkələrdə hərəkətə gətirdi. Ki, bəs bizdə niyə o Xviçadan yoxdur?

Heç dəxli var? Özümüzü elə aparırıq ki, sanki bizim Kaxa Kaladze, Şota Arveladze, Levan Kobiaşvili səviyyəsində oyunçumuz olub da, bircə Xviça məsələsinfə gecikmişik.

Hələ sadaladıqlarım yaxın keçmişdi. Uzaq keçmişdə də mənzərə bundan fərqli olmayıb. Onlardan parlayan ulduzlara həsrətlə baxmışıq. Acı da olsa, bu, həqiqətdir.

Hələ bu ortamda Mahir Emrelini də işə qatıblar. Mövzu haqqında ağzını açan bir çox adam gürcüstanlı vingeri Emreli ilə müqayisə edir.

Bəs gürcüstanlı balası Neapolda şou göstərirsə, Mahir niyə Zaqrebdə ehtiyatda oturur?

Guya bizim futbolun səviyyəsi Xviça imiş də, amma Mahir Zaqrebdə ehtiyatda oturmaqla buna kölgə salırmış. Amma vallah-billah elə deyil.

Futbolumuz "Napoli"də xarüqələr yaradan Xviça nədi, heç "Dianmo"da ehtiyatda oturan Mahir səviyyəsində də deyil.

Mahir o səviyyəyə öz bacarığı və Qurban Qurbanovun əməyi sayəsində çatıb. Futbolumuzun ümidinə qalsa, o da elə Namiq Ələsgərov kimi maksimum Türkiyə ikinci liqasında çıxış edəcəkdi.

Və gün Mahirin Xviça olmaq kimi öhdəliyi də yoxdur. Kiməsə nə belə bir vəd verib, nə də belə borcu olduğunu eşitməmişəm.

Çox demirəm, əgər belə asandırsa Mahir kimi daha 2-3 oyunçunu da elə "Dinamo"ya göndərək. Bu, bu gün, sabah, lap elə bir il sonra mümkündürmü? Təbii ki, cavab yox olacaq.

O zaman əlimizdəkinin qədrin bilək, sahib çıxaq. Kimsə daha yaxşıdır deyə, ondan zəif, amma ən parlaq simamız olan adamı tənqid və bəzən də təhqir etməyək. Ən azı bir həmyerli olaraq bu, heç birimizə yaraşmaz.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti