"Futbolumuz geriyə "salto" vura-vura gedir"

23 May 2020 19:45 Azərbaycan Futbolu 931
"Futbolumuz geriyə "salto" vura-vura gedir"

Sportinfo.az-da "Azarkeşlə söhbət" rubrikası davam edir.

Budəfəki müsahibimiz "Kəpəz"in stajlı azarkeşi olan Müşviq Məmmədovdur

- "Kəpəz"ə azarkeşlik sevgin necə yaranıb?
- "Kəpəz"ə sevgim elə getdiyim ilk oyundan yaranıb. 2000-ci ilin apreli idi. "Kəpəz" Gəncədə "Turan"ı qəbul edirdi. Həmin oyunda komandamız 9-0 qələbə qazanaraq rəqibi meydanda silib-süpürdü .11 yaşı tamam olmayan uşağın azarkeş kütləsinin içində bu həyacanı keçirmək "əjdaha" bir şey idi.

- "Kəpəz"in hansı qələbəsini hələ də unutmursan?

- 2005-06-cı il mövsümü idi. Şahin Diniyevin rəhbərliyi altında, o vaxtkı "Gəncə" Bakıda güclü maliyyə dəstəyi olan "Neftçi"ni məğlub etmişdi. Həmin mövsüm ilk dövrədən sonra komanda cəmi 1 məğlubiyyət almışdı. İddialıların heç birinə məğlub olmamışdı.

- Doğma klubunda hansı futbolçunu görmək istərdin?

- Məndən olsa Messi yazaram (gülür). Amma bu ancaq xəyal məhsulu ola bilər.

- Komandana əzəli rəqib olaraq hansı klubu görürdün və həmin görüşlərə daha aqressiv hazırlaşırdın?

- Azərbaycan çempionatına pul axını başlamayana kimi ölkə futbolunun rəqabəti 2 klub - "Kəpəz" və "Neftçi" arasında olub. 2004-dən sonra "Neftçi" və "Xəzər Lənkəran" rəqabəti hamısını üstələdi. Amma inanın mənə ki , 2005-2015ci illərdə Kəpəz də çempionluğa oynasaydı, hər şey başqa cür də ola bilərdi.

- Oyunlarda qarşılaşdığın və yaddaşında daha çox qalan qalmaqal hansı olub?

- 2005-ci ildə çempionatın son oyununda "Xəzər Lənkəran" "Qızıl oyun"da oynamaq üçün bizi udmalı idi. Oyunun son dəqiqələrində hakim Anar Salmanov qapımıza olmayan penalti təyin etdi və biz məğlub olduq. O vaxt indiki kimi sosial şəbəkələr olmadığı üçün, indi kiməsə nəsə sübut eləmək üçün əldə heç bir material yoxdur. Amma oyundan sonra baş verənlər, gördüyümüz filmləri xatırladırdı. Etiraf edim ki, oyunun gedişatında da hakim səhv etmişdi, "Xəzər"in xeyrinə penalti olmalı idi vermədi. Amma buraxdığımız qol son dəqiqələrdə idi deyə, edə biləcəyimiz bir şey qalmamışdı.

- Rəqib azarkeşlərin "Kəpəz"lə bağlı dediyi hansı sözlər səndə daha çox qıcıq yaradırdı?

- Rəqib azarkeş dedikdə son illərdə "Kəpəz" elə bir titul üçün vuruşmayib ki, nəsə demək olsun .
Ən çox qıcıq yaradan bir az gənc azarkeşlərin hərdən yuxarıdan aşağı nəsə deməyidir ki, onu da birtəhər yola veririk. Çempionatın səviyyəsi düşsə də 22 ildir qırılmayan "Məğlubiyyətsiz Çempion", "Ardıcıl qələbə rekordu" , "Məğlubiyyətsizlik seriyası" ölkədə tək "Kəpəz"ə aiddir.

- Məğlub olduğun görüşdən sonra məğlubiyyəti unutmaq üçün nələr edirdin?

- Son illərdə "Kəpəz" o qədər məğlub olub ki, artıq öyrəşmişik. Bu gün uğursuzluqların səbəbini bir tək məğlubiyyətdə deyil, onu doğan səbəblərdə axtarmaq lazımdır

- Sənə görə Azərbaycanda ən böyük azarkeş ordusu hansı klubundu?

- "Kəpəz" istisna olmaqla, bu gün Azərbaycanda ən böyük azarkeş ordusu "Xəzər Lənkəran"dadır

- Azərbaycan tribunası ilə bağlı hansısa arzun varmı?

- Azərbaycan tribunasi ilə bağlı ən böyük arzum ilk növbədə tribunaları doldura biləcək azarkeşlərin futbol həsrəti bitsin. İkincisi də bu günkü tribunalara gələn əsl fanatlara qarşı münasibətin dəyişməsini arzulayardım

- İllərdi futbolumuzu yaxından izləyirsən. Bir azarkeş kimi fikirlərin maraqlı olardı. Futbolumuz niyə yerində sayır?

- Əslində sualla razı deyiləm. Futbolumuz yerində saymır. Futbolumuz geriyə "salto" vura-vura gedir. Bu münasibətlə, bu yanaşma ilə qarşıda bizi bundan da pis günlər gözləyir. İlk növbədə futboldan başı çıxan adamlar bu işin başında olmalıdır. Yoxsa bu qədər müddət ərzində adamlar nəticə çıxara bilməyiblərsə, deməli, nə qədər ki, gec deyil yığdıqlarını da götürüb getməyə borcludular.

- Əlində səlahiyyətin olsaydı, futbolumuzda ilk nəyi dəyişərdin?

- Əlimdə səlahiyyət olsaydı futbolumuza "F5" verərdim (gülür)

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi