"Futbol oynamayan, karyerası olmayan şəxslər də indi məşqçi işləyir"

"Futbol oynamayan, karyerası olmayan şəxslər də indi məşqçi işləyir"

Azərbaycan futbolunda son illərdə qapıçı problemi daha qabarıq şəkildə özünü göstərir.

Bir vaxtlar milli komandanın və klubların qapısını qoruyan kifayət qədər yaxşı yerli qapıçılarımız olsa da, hazırda Premyer Liqada bir çox klub bu mövqedə əcnəbilərə üstünlük verir.

Nəticədə yerli qapıçıların həm inkişafı, həm də oyun praktikası baxımından ciddi suallar yaranır.

Bəs problem nədən qaynaqlanır? Yaxşı qapıçılar yetişmir, yoxsa istedadlı qapıçılar var, sadəcə onları üzə çıxarmaq və inkişaf etdirmək üçün kifayət qədər şərait yaradılmır? Qapıçıların yetişməsində məşqçilərin, xüsusilə də qapıçı məşqçilərinin rolu nə qədər böyükdür?

Bu və digər suallara vaxtilə Azərbaycan millisinin qapısını qorumuş, bu mövqenin incəliklərini yaxından bilən təcrübəli mütəxəssis Hüseyn Məhəmmədovla danışdıq.

Hazırda "Karvan Yevlax"da qapıçı məşqçisi kimi çalışan 52 yaşlı mütəxəssis bunları dedi:

“Dönəm-dönəm Azərbaycan futbolunda qapıçılarla bağlı çətinliklər yaranıb. Həqiqətən də son dövrlərdə qapıçı qıtlığını daha ciddi yaşadığımızı görürük.

Bildiyiniz kimi, Premyer Liqada komandaların sayı artıb. Amma məsələnin dərinliyinə gedəndə görürük ki, oyun oynamayan qapıçı inkişaf edə bilməz. Qapıçının inkişafı üçün mütləq oyun praktikası lazımdır. Oynamalıdır.

Klublarda da gördüyümüz odur ki, komandaların qapılarında daha çox əcnəbi qapıçılar dayanır. Bir neçə klubda yerli qapıçılar oynayır. Amma digər klublara baxanda bu məsələnin qapıçılarımızın inkişafına müəyyən qədər mane olduğunu görürük.

Buna baxmayaraq, qapıçılarımızın yetişməsi və üzə çıxması çox şeydən, xüsusilə də mütəxəssislərdən, qapıçı məşqçilərindən asılıdır. Burada məsuliyyət birbaşa bizim üzərimizə də düşür. Biz yetişdirməliyik, biz üzə çıxarmalıyıq. Nöqsanlar bizim tərəfdən də var. Bu istiqamətdə daha çox işləməliyik ki, yaxşı qapıçılar yetişdirək.

Düzdür, bizim yaxşı qapıçılarımız olub. Adlarını çəkdiyiniz qapıçıların hamısı öz çempionatımızda oynayan, əsas heyətdə yer alan futbolçular idi. İstəsək, onların adlarını bir-bir sadalaya bilərik. Gənc nəsil də onların arxasınca gəlib.

Məsələn, Kamran Ağayev bizdən sonra gələn nəslin nümayəndələrindən idi. Bizim arxamızca gələn, yaxşı qapıçılardan biri oldu. Uzun illər milli komandada qapıda dayandı, klublarında əsas heyətdə oynadı. Bu da onun oyun praktikası əldə etməsindən, mütəmadi oynamasından qaynaqlanırdı.

Rauf Mehdiyev, Hüseyn Məhəmmədov, Elxan Həsənov və digər qapıçılarımızı da qeyd etmək olar. Əgər kiminsə adını çəkmirəmsə, düzgün başa düşsünlər, üzr istəyirəm. Çünki çoxlu yaxşı qapıçılarımız olub və həmin dövrdə onlar arasında ciddi rəqabət var idi.

Bu gün bütün klublarda çalışan mütəxəssislər bu istiqamətdə birbaşa çalışmalıdırlar. Yaxşı qapıçı yetişdirməlidirlər. Bunun üçün qapıçı məşqçiləri olmalıdır.

Ümumiyyətlə, mən bunu da deyərdim ki, bəzi klublarda qapıçı məşqçisi kimi çalışan insanların futbol karyerası ilə bağlı suallar yaranır. Mənim eşitdiyimə, gördüyümə və tanıdığım insanlara əsasən deyirəm ki, futbol oynamayan, futbol karyerası olmayan şəxslər də qapıçı məşqçisi işləyirlər. Əlbəttə, bu formada qapıçı yetişdirilməsi məncə sual doğurur.

Mən heç kim haqqında pis fikir söyləmək və ya kiməsə irad bildirmək istəmirəm. Mən haqqı düz danışan insanam. Bu məsələni açıq şəkildə cavablandırmaq lazımdır. Aşağı yaş qruplarında da, Premyer Liqada da problemin səbəblərini ortaya qoymaq lazımdır.

Elə mütəxəssislər var ki, mənim düşüncəmə görə, nə Premyer Liqada, nə də Birinci Liqada ciddi futbol karyerası olmayıb, heç vaxt futbol oynamayıblar. Məncə, bu istiqamətdə daha təcrübəli məşqçilər olmalıdır ki, uşaqları yetişdirə və üzə çıxara bilsinlər.

Yaxşı qapıçının yetişməsi və üzə çıxması üçün mütəxəssis çox vacibdir. Amma həmin mütəxəssisin özünün də müəyyən karyerasının, təcrübəsinin olması önəmlidir ki, yetişdirdiyi qapıçıya düzgün istiqamət verə bilsin.

Digər vacib məsələ isə oyun praktikasıdır. Yetişən, üzə çıxan qapıçılar mütləq oynamalıdırlar. Kiçik yaşlardan başlayaraq aşağı yaş qruplarında oynamalı, klublarında əsas heyətə qədər gəlib çıxmalı və əsas komandada da mütəmadi meydana çıxmalıdırlar.

Əgər bu sistem düzgün qurularsa, aşağı yaş qruplarından yaxşı qapıçılar yetişər, əsas komandaya qədər gəlib çatarlar və gələcəkdə Azərbaycan futbolunda qapıçı qıtlığı yaşanmaz”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti