
Tovuz şəhər stadionunda yaxşı ənənə formalaşıb.
Burada keçirilən matçların 44-cü dəqiqəsində Vətən Müharibəsində şəhid olan qəhrəmanlar xatırlanır.
Düzdü, bu ənənə digər klublarımızın azarkeşləri tərəfindən də artıq 5 ildi qorunur.
Amma tovuzluların özəlliyi ondadır ki, burada fanklublar "şəhidlər ölməz, vətən bölünmüz" şuarı səsləndirirsə, uşaqdan-böyüyə bütün tamaşaçılar sayğı duruşu üçün ayağa qalxır.
Hətta qonaq komandanın rəsmilər belə.
Məsələn, son oyunda "Şamaxı"nın rəsmi heyəti buna bir nəfər kimi əməl etdi.
Məsələyə vecsiz yanaşan isə meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev oldu.
Cəza səbəbindən tribunada olan təcrübəli mütəxəssis olduğu yerində oturmağa davam etdi.
Bu məqam yerli fanatların bəzilərinin diqqətindən yayınmadı.
Hətta ona istiqamət alaraq ayağa qalxması üçün əl-qol jesti edənlər də oldu. Narazılıq az sayda azarkeş tərəfindən oldu və qısa müddət çəkdi.
72 yaşlı çalışdırıcı isə heç kimə məhəl vermədən oyuna baxmağa davam etdi.
Görəsən, analoji hala görə bir neçə tur əvvəl "Neftçi" rəsmilərini çarmıxa çəkən yerli azarkeşlər bu dəfə harda idi?
XANOĞLAN / SPORTİNFO.AZ