"Sumqayıt" yeni dönəmə qədəm qoyur.
Samir Abasovun gedişindən sonra boş qalan posta Vaqif Cavadova tapşırıldı.
Gənc mütəxəssisin "kimyaçılar"da debütü "Turan Tovuz"la görüşə təsadüf edəcək.
Həm də doğma azarkeşlər önündə.
Tərəflər turnir cədvəlinin fərqli qütblərində qərarlaşır.
Cavadov "Sumqayıt"ı "zirzəmi"dən xilas etməyə, bölgə klubu iddialılar sırasında qalmaq uğurunda mübarizə aparacaq.
İki klubun mövqeyi, iddiası fərqli olsa da, azarkeşləri ilə bağlı vəziyyət oxşardır.
Belə ki, Tovuz və Sumqayıt azarkeşləri "Neftçi", "Qarabağ", "Sabah" kimi iddialı klubların olduğu liqada hər kəsə meydan oxuyur.
Əbəs deyil ki, arxada qalan 9 turda ən çox azarkeş - 19400 nəfər "Turan"ın ev oyunlarında qeydə alınıb.
İkinci nəticə isə "Sumqayıt"a məxsusdur - 12350 nəfər.
Birinci dövrənin bir oyuna görə rekord azarkeşi sayı da Sumqayıt şəhərində qeydə alınıb.
Son ev oyununa təsadüf edən "Qarabağ"la matçda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tribunalarına 7000 azarkeş cəm olub.
Deməli, qarşılaşma həm də azarkeşlərin dueli olacaq. Artıq indidən sosial şəbəkələrdə azarkeşlərin söz atışması başlayıb. Yəqin ki, xoş rəqabətin davamı tribunalarda olacaq.
Xüsusilə meydan sahibləri üçün matç böyük əhəmiyyət kəsb edəcək. Birinci dövrə Tovuzda baş tutan ilk dueli 4900 azarkeş canlı izləmişdi. Cavab necə olacaq? Oyun günü suala cavab tapacağıq.
İndi dəqiq olan oldur ki, Sumqayıtlılar bir gündə iki imtahanla sınağa çəkiləcək.
Həm Cavadovun debüt matçında ona yetərli dəstəyi verib-verməməklə, həm də tribunada əsas rəqibi ilə mübarizədə necə təsir bağışlayacağı ilə.
XANOĞLAN İMANOV