Azərbaycan seçməsi Millətlər Liqasına uğursuz start verdi.
Sentyabrın 5-də Bakıda İsveçdən 3 top buraxan Fernandu Santuşun rəhbərlik etdiyi komanda 3 gün sonra Koşitsedə Slovakiyaya boyun əydi – 0:2.
Görünən odur ki, dəyişən və düzələn heç nə yoxdur. Ara-sıra səsi gələn qığılcımdan başqa yaxşı heç nə görmədik.
Və bir daha əmin oluruq ki, Azərbaycan millisinə Avropa yox, lap dünya çempionu da rəhbərlik etsə, xeyri yoxdur. Çünki futbolçu dediklərimiz futbolun təməl prinsiplərindən xəbərsizdir, sadə epizodlarda belə, nə etmək lazım gəldiyini bilmir.
Elə ölkə futbolsevərlərini də narahat edən bu məqamdır. Slovakiya məğlubiyyətinin ardınca sosial şəbəkə platformalarında yazılan maraqlı şərhlərin bir qismini təqdim edirik:
“Milliyə legioner yox, regioner gətirin. Regionlarda futbolçu yetişdirin”.
“Mən Santuşda günah görmürəm. Bunlar topu ayaqlarında saxlaya bilmir.. Regionlarda futbolçular yetişməyincə, heç nə düzələn deyil. Bu milli əsəbdən başqa heç nə deyil”.
“Bu gedişlə Santuş 1 ilə infarktdan öləcək”.
“Hər dəfə millinin oyununa baxana söyüş qoyub, sonra yenə baxırıq. Çünki içimizdə hər zaman bir ümid var, yaxşı olacaq deyə yaşayırıq. Ümidimizi puç edənlərin Allah bəlasını versin”.
“Gələn vurur, gedən vurur. Lap “28”dəki “podval” (zirzəmi) olmuşuq”.
“Futbolçu olmayandan sonra kim gəlir-gəlsin, xeyri yoxdur”.
“Ölün yerə girin də, hər oyundan sonra söyülürsünüz”.
“Bunların oyununa baxandan sonra Santuşa deməyə söz tapmırsan. Çünki vicdan yol vermir”.
“Futbolçuları tək-tək qınamağın mənası yoxdur. İşin bu yerə çatmasının səbəbi son 15-20 ildə işini bilməyən, səriştəsiz insanların futbola rəhbərlik etməsidir. Başqa ölkədən məşqçi gətirməklə futbol düzxəlmir. Qonşu ölkələrə baxın, 20 il əvvəl yetişdirilən uşaqlar bu gün tarix yazır. Bir də 20 ildə bizdə yetişənlərə baxın”.
Azərbaycan yığması Millətlər Liqasında növbəti görüşlərini Estoniya və Slovakiyaya qarşı keçirəcək.
Estonlarla Tallindəki oyun oktyabrın 11-də baş tutacaq, 3 gün sonra millimiz Bakıda Slovakiyanı qəbul edəcək.
HƏBİB / SPORTİNFO.AZ