Azərbaycanın tanınmış klubu bu qiymətə satılacaq?

14:00 Araz-Naxçıvan 84
Azərbaycanın tanınmış klubu bu qiymətə satılacaq?

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun «Araz-Naxçıvan»ı təhvil verməyə hazırlaşdığı barədə xəbərlər yayılıb.

Sosial şəbəkələrdə tirajlanan məlumatlarda bildirilir ki, NFF-nın başçısı 2023-cü ildən kurasiyasında olan klubla vidalaşmaq üzrədir.

İddia edilir ki, o, biznes sferasında yaşadığı problemlər səbəbindən daha «ağ-qırmızılar»ı maliyyələşdirə bilmir.

Naxçıvanlı böyük iş adamlarından birinin «Araz»ı almaqla bağlı onunla anlaşdığı deyilir. Belə ki, tərəflərin uzun sürən danışıqlardan sonra 3 milyon manat qarşılığında əl sıxışdığı vurğulanır.

Saytımız bu informasiyaları araşdırıb. Redaksiyamız dəqiqləşdirib ki, indiyədək Z.Axundova heç bir şəxs bu məqsədlə müraciət etməyib.

Və o, «Araz-Naxçıvan»la bağlarını qoparmaq niyyətindən uzaqdır.

Tanınmış biznesmen əvvəlki illərdə olduğu kimi, yenə doğma bölgəsinin təmsilçisinə maddi-mənəvi dəstək verməkdə davam edəcək. Gücü nəyə çatırsa, o qədər vəsait ayıracaq.

Bu, illərdir ki, belədir. «Araz-Naxçıvan» dördüncü mövsümdür ki, Zaur Axundovun sayəsində ayaqda qalıb. Ona nə kömək olan var, nə də yaxına gələn.

Çoxları yardım sözü verib, amma bu, söz olaraq qalıb, əmələ keçməyib. Nəticədə klubun büdcəsi cari ilin yayında xeyli azalıb.

Sözsüz, maliyyə rıçaqları öncəki kimi deyilsə, sabitliyi əldə eləmək və onu qorumaq müşkül məsələyə çevrilib.

Komandanın göstəriciləri ilə bunu təsdiqləyir. Muxtar Respublika təmsilçisi çempionatın 10 turu boyunca cəmi 3 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti