Ardıcıl iki oyunda qələbə qazanan “Araz-Naxçıvan” “Sabah”la matçda məğlubiyyətdən qaça bilmədi.
Naxçıvan təmsilçisi hesabda iki dəfə önə keçməsinə baxmayaraq, qələbə hesabını qorumaq mümkün olmadı. Yekunda qonaqlar 4:2 hesablı qalibiyyətə sevindi.
Sportinfo.az-a müsahibə verən “Araz-Naxçıvan”ın kapitanı Bəxtiyar Həsənalızadə sualları cavablandırıb.
- Niyə məğlub olduz?
- Oyun planında pis təsir bağışlamadığımızı düşünürəm. “Sabah” turnir cədvəlinin lideridir, yaxşı formada olan komandadır. Yaxşı hazırlaşmışdıq və müsbət nəticəyə ümid edirdik. Təəssüf ki, kobud səhvlərə yol verməklə rəqibin qollar vurmasına şərait yaratdıq. Bəzi məqamlarda keyfiyyət fərqi öz sözünü dedi. Qapımıza təyin olunan iki penalti var. Düzü, təkrarına baxmamışam. Baxandan sonra dəqiq fikir bildirmək olar.
- Məğlubiyyətə “Sabah”ın futbolçularının keyfiyyəti səbəb oldu, yoxsa hakimin qərarlarının?
- Hakimlərin üzərinə yıxmaq istəmirəm. Səhvi özümüzdə axtarmalıyıq. Epizodun təkrarını görmədiyim üçün indiki məqamda qərarlarla razılaşmağa məcburuq.
- Həqiqətənmi “Sabah”ı saxlamaq çətindir?
- Çətindir, amma mümkünsüz deyil. Gördüyünüz kimi, xal almağa yaxın idik. Hətta hesabda iki dəfə önə keçmişdik. Kiçik səhvi bağışlamırlar.
- “Zirə”, “Turan Tovuz”, “Sumqayıt” və “Araz-Naxçıvan”ın büdrədiyi turda “Neftçi” qələbə qazanaraq turnir cədvəlində komandanızı geridə qoydu, digər rəqiblərinə yaxınlaşdı. Avrokuboklara vəsiqə şansının çətinə düşdüyünü demək olar?
- Çempionatın həlledici mərhələsi başlayır. Bundan sonra adlarını çəkdiyiniz komandaların bir-birinə qarşı oyunları var. Fikrimcə, həmin matçlardakı nəticələrdən çox şey asılı olacaq. Hər oyunda qazanılacaq xal və ya xallar qızıla bərabərdir. Bu dəqiqə hansısa komandanın şansının çox olduğunu deyə bilmərəm. Qarşıda 7 tur var, çox şey dəyişə bilər. Sona qədər mübarizə aparacağıq.
HƏBİB

