Artıq «Araz-Naxçıvan» üçün mövsüm başa çatdı.
«Neftçi»yə məğlubiyyətlə avrokubok ümidini torpağa tapşırdılar.
Andrey Demçenkonun kitabı bağlandı bununla. Ukraynalı ilə şərti şumda kəsmişdilər - «Araz» qitə arenasına vəsiqə alsaydı, müqavilənin növbəti mövsümə aid hissəsi qüvvəyə minəcəkdi.
İndi isə minməkdən söhbət gedə bilməz. Onun özünü möhkəm tənbeh edib, bu gün-sabah yola da salarlar yəqin.
Heç vaxt olmadığı qədər güclü heyət yığmış «Araz»ın liderlər qrupundakı əsas rəqibləriylə oyunlarda məğlubiyyətləri sıralaması bir mətləbdən xəbər verir.
Bu da baş məşqçidən qaynaqlanır.
Elmar Baxşıyev işini düzgün qurmadı, ciddi yanlışlara yol verdi, Andrey Demçenko həmkarının səhvlərini düzəltməkdən ötrü heç nə etmədi bu ötən üç ayda.
Komanda Baxşıyevin vaxtında müdafiədə necə bərbad təsir bağışlayırdısa, bu gün ondan da faciəvi durumdadır.
«Neftçi» üst-üstə gəlsək, 8-10 civarında epizoda girdi. Sürətdə, ikinci toplarda, «ikinci mərtəbə»də və digər komponentlərdə ev sahiblərindən çox geri qaldılar.
Felipe Santos, Patrik Andrade, İssuf Paro nə gündədir... Ötən mövsüm fırtına kimi əsən Ramon Maçadonu 81-ci dəqiqəyə kimi ehtiyatda saxlamaq isə anlaşılmazdır.
Hücum xəttinin ölüvay halında braziliyalı qolçunun xidmətindən belə gec yararlanmaqda Demçenkonun məqsədi nə idi, bilmək olmadı.
ELNUR

