Premyer Liqanın 26-cı turunun mərkəzi qarşılaşması Mərdəkanda baş tutacaq.
Turnir cədvəlinin lideri “Sabah” avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirən “Araz-Naxçıvan”ı qəbul edəcək.
“Sabah”ın həm də Azərbaycan kubokunda mübarizə aparması və “Qarabağ”la oyundan sonra nisbətən yorğun olması naxçıvanlıların xeyrinə işləyə bilər.
Digər məsələ Andrey Demçenkonun çalışdırdığı kollektivin son 2 oyunda qələbə qazanmasıdır ki, bu fakt kollektivdə uğurlu nəticəyə inam yaradıb.
“Qırmızı-ağlar”ın braziliyalı hücumçusu Ramon Maçado oyunla bağlı Sportinfo.az-a bunları deyib:
“Sabah”ın gücü hər kəsə məlumdur. Bu il həqiqətən çox yaxşı formadadır, çempionluq uğrunda mübarizə aparır.
Çətin oyun olacağı dəqiqdir. Lakin biz də iddiamızdan geri çəkilmək fikrində deyilik.
Avrokubok mübarizəsini sona qədər davam etdirməliyik və etdirəcəyik. Çempionatın sonuncu dövrəsidir, hər bir xal olduqca vacibdir.
Əlimizdən gələni edəcəyik ki, qələbə qazanıb intriqanı saxlayaq. Baş məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməklə və minimum səhv etməklə məqsədimizə çata bilərik”.
Aprelin 7-də “Liv Bona Dea” stadionunda gerçəkləşəcək duel saat 19:30-da başlayacaq.
HƏBİB

