Son iki tur «Araz-Naxçıvan»ı yenidən medallar uğrunda mübarizənin içinə qaytardı.
«Şamaxı»nı mövsüm ərzində ikinci dəfə udan komanda turnir cədvəlində dördüncü pilləyə yüksəlib.
«Zirə»nmi özündən bir alt sıraya sürüşdürən «Araz»ın hazırkı durumu müvəqqətidir. Təkrar aşağı enəcəklər.
Çünki Andrey Demçenkonun futbolçulara təsir gücü çox azalıb. Burada hamı bilir ki, ukraynalı, uzağı, mayın 31-də Azərbaycanı tərk edəcək və bir daha geri qayıtmayacaq.
Həmçinin məlumatlıdırlar ki, hazırkı rəhbərlik də həmin tarixdən bir qədər sonra görəvindən ayrılacaq.
«Araz-Naxçıvan»ın gündəlik həyatında başıpozuqluq hökm sürür. Qulaq gündə bir söz eşitməsə, kar olub.
Eşidiblər ki, gələn mövsümdən klubun iddiası azalacaq, yeni idarəçilər onların bir çoxuyla müqaviləni uzatmayacaq. Ona görə də əksəriyyət oyunları yola verir.
Dünən olduğu kimi. Üç-dörd nəfər əlindən gələni etdi, digərləri yeridi.
Oyunun qiyməti 1 xal idi. Şans «Araz»ın üzünə güldü, səfərdən 3 xalla ayrıldılar.
Demçenko bu dəfə qruplaşmalar barədə kəlmə kəsmədi.
Deyəsən, başa düşüb ki, bu haqda söhbət açmaq mənasızdır, özü deyib, özü eşidəcək: nə rəhbərlik yumruğunu stola çırpacaq, nə də ki, futbolçuların ona münasibəti dəyişəcək.
Ukraynalı daha onlardan insaf gözləyir, nə də verdiyi tapşırıqları yerinə yetirmələrini. Başlı-başına buraxıb hər kəsi.
ELXAN

