Premyer Liqanın 25-ci turunun açılış matçı Şamaxıda baş tutacaq.
İddialı rəqiblərin qənimi, 5 oyundur məğlubiyyətin nə olduğunu bilməyən “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.
Naxçıvan təmsilçisi avrokuboklara vəsiqəyə iddia etdiyi halda, şamaxılılar elitada qalmaq uğrunda mübarizə aparır ki, böyük ölçüdə məqsədinə çatıb.
Bundan sonrakı hədəf mümkün qədər yuxarı pillələrə can atmaq, mövsümü “6-lıq”da başa vurmaqdır.
Sportinfo.az-a açıqlama verən “Araz-Naxçıvan”ın braziliyalı müdafiəçisi Bruno Franko matçla bağlı gözləntilərini dilə gətirib:
“Şamaxıda oynamaq bütün komandalar üçün çətindir. Meydanın süni örtüklü olması işimizi çətinləşdirəcək.
Çünki biz otda məşq edir, oyunlarımızı təbii örtükdə keçiririk. “Şamaxı”nın futbolçuları isə “sintetika”ya öyrəşib.
Ardıcıl iki arzuolunmaz məğlubiyyətdən sonra “Karvan-Yevlax”ı məğlub etməyimiz turnir cədvəlindəki duruma yaxşı mənada təsir edib.
Ötən turdakı qalibiyyətdən sonra komandada əhval-ruhiyyə yüksəlib, növbəti qələbəyə inam artıb.
Şamaxıya 3 xal dalınca gedəcəyik. İstəyimizə çatmaq istəyiriksə, rəqibin intizamlı müdafiə xəttini yarmağı bacarmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Bu gün Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 15:00-da çalınacaq.
HƏBİB

