«Bu qərar verilib və onun dəyişdirilməsi gözlənilmir ».
«Araz-Naxçıvan»ın icraçı direktoru Eldəniz Yusifov Sportinfo.az-a açıqlamasında belə deyib.
Region klubunun bir nömrəli idarəçisi Premyer Liqanın 23-cü turunda «Qarabağ»a 0:6 hesablı məğlubiyyətə görə təyin olunan cərimə tədbirinin dəyişdirilməsi barədə yayılan xəbərləri təkzib edib.
«Ağ-qırmızılar»ın ən təcrübəli funksioneri söyləyib:
«Bu qərar rəhbərlik tərəfindən verilib. Komanda bundan xəbərdardır.
Cərimənin məbləği haqda heç nə deyə bilmərəm. Qərar mart ərzində aiddirsə, deməli, bu ayın ödəmələrindən həmin vəsait tutulacaq.
Özü də ki, cərimələr komandadaxili nizam-intizam kodeksinə əsaslanır.
Hər bir futbolçunun müqavilə sənədlərində müvafiq bənd mövcuddur. Onlardan heç kim buna etiraz edə bilməz və etmir».
«Araz»ın baş məşqçisi Andrey Demçenko matçsonrası mətbuat konfransında ağır məğlubiyyətə dair çox açıq mesajlar verib, ad çəkmədən bəzi futbolçuları qəsdən oynamamaqda suçlayıb:
«Hər bir komanda rəqibin ona verdiyi imkanlar qədər oynayır. Futbolçularım "Qarabağ"a imkan verdilər ki, onlar meydanda hər şeyi etsinlər.
Bu oyunda fikrimiz başqa idi. "Qarabağ"a daha çox pressinq edib, futbolçulara yaxın oynayıb, onları topsuz saxlamaq istəyirdik.
Pressinq komanda oyunudur. Hansısa oyunçu pressinq etməyəndə, bütün kollektivə təsir edir.
Buraxdığımız ilk qol bizə çox təsir etdi. Qapıçımız səhv etdi, penaltidən əvvəl qapıçımız önə çıxaraq topu götürməli idi.
Belə hal baş verirsə, rəqibə daha çox özgüvən verirsiz və nəticə də belə olur. Bu cür oyuna görə azarkeşlərimizdən üzr istəyirəm.
Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbolda 11 nəfər yox, bütün komanda oynayır.
Bu gün oyunda bizdə iki qrup var idi. Bir qrup oyunu istəyirdi, digəri istəmirdi.
Məğlubiyyətə görə səbəbkar təkcə oyunçular deyil. Məşqçilər korpusunun da səhvi var.
"Qarabağ" kimi ÇL-də oynayan komandaya qarşı asan deyil. Matçdan əvvəl də bəzi futbolçularda narahatlıq var idi.
Sanki çəkinirlər. Bu da futbolçulara doğru qərar verməyə çətinlik törədir.
Bu cür təsiredici məğlubiyyətdən sonra futbolçular cərimələnəcək. Bu, birbaşa klub prezidentinin göstərişidir».

