Komandanı içəridən kim dağıdır? – ŞOK AÇIQLAMAnın izi ilə…

15:00 Araz-Naxçıvan 827
Komandanı içəridən kim dağıdır? – ŞOK AÇIQLAMAnın izi ilə…

«Araz-Naxçıvan» Premyer Liqanın 23-cü turunu məğlubiyyətlə geridə buraxdı.

«Qarabağ»a yenilmələri gözlənilirdi, amma hesabın 0:6 olması…

Nəticə Andrey Demçenkonu çılğına döndərdi. Baş məşqçi matçsonrası mətbuat konfransında bununla əlaqədar çox açıq mesajlar verdi, ad çəkmədən bəzi futbolçuları qəsdən oynamamaqda suçladı.

Ukrynalıdan sitat:

«Hər bir komanda rəqibin ona verdiyi imkanlar qədər oynayır. Futbolçularım "Qarabağ"a imkan verdilər ki, onlar meydanda hər şeyi etsinlər. Bu oyunda fikrimiz başqa idi. "Qarabağ"a daha çox pressinq edib, futbolçulara yaxın oynayıb, onları topsuz saxlamaq istəyirdik. Pressinq komanda oyunudur. Hansısa oyunçu pressinq etməyəndə, bütün kollektivə təsir edir. Buraxdığımız ilk qol bizə çox təsir etdi. Qapıçımız səhv etdi, penaltidən əvvəl qapıçımız önə çıxaraq topu götürməli idi. Belə hal baş verirsə, rəqibə daha çox özgüvən verirsiz və nəticə də belə olur. Bu cür oyuna görə azarkeşlərimizdən üzr istəyirəm. Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbolda 11 nəfər yox, bütün komanda oynayır. Bu gün oyunda bizdə iki qrup var idi. Bir qrup oyunu istəyirdi, digəri istəmirdi. Məğlubiyyətə görə səbəbkar təkcə oyunçular deyil. Məşqçilər korpusunun da səhvi var. "Qarabağ" kimi ÇL-də oynayan komandaya qarşı asan deyil. Matçdan əvvəl də bəzi futbolçularda narahatlıq var idi. Sanki çəkinirlər. Bu da futbolçulara doğru qərar verməyə çətinlik törədir. Bu cür təsiredici məğlubiyyətdən sonra futbolçular cərimələnəcək. Bu, birbaşa klub prezidentinin göstərişidir».

Deməli, belə…

Demçenkonun söylədikləri bizim bir müddət əvvəl yazdıqlarımızın qeyri-rəsmit təsdiqidir. Saytımız «Araz-Naxçıvan»da iki qruplaşmanın mövcudluğundan bəhs edəndə, ukraynalı hələ yeni başlamışdı işinin icrasına.

Təxminən 1 ay öncə dönə-dönə vurğulamışdıq ki, klub rəhbərliyi təcili araşdırmaya başlamalıdır, çünki düşərgə parçalanıb.

Səsləndirdiyimiz anonsları qulaqardına vurdular: ya görməzdən gəlmədilər, ya da bizim bildiklərimizi təhqiq etməyə can çəkdilər.

Yəqin ki, Zaur Axundovun başı şəxsi biznesindəki problemləri aradan qaldırmağa qarışmasaydı, indi hər şey fərqli olacaqdı.

Bu ilin əvvəlinə kimi komandanı 1 dəqiqə gözündən qoymayan, futbolçuların, məşqçilərin hər addımıyla maraqlanan, düşərgədə baş verən hadisələr barədə anında məlumat alan Axundov məlum proseslər üzündən gedişatı nəzarətdə saxlamağa vaxt tapmadı.

Klubun funksionerləri onun üzünü görmək, 2-3 dəqiqə söhbət etmək üçün bəzən günlərlə, bəzən həftələrlə gözləməli oldu. İş adamı elə durumda deyildi ki, onlarla görüşsün, mövcud problemləri aradan qaldıra bilsin.

Axundovun başı indi-indi açılıb üzləşdiyi sıxıntıların əlindən. Əlbəttə, gec qalıb.

O, komandanın gündəlik qayğıları və işlərini nəzarətdə saxlasaydı, Elmar Baxşıyevdən sonrakı vəziyyət çıxılmaza girməzdi.

«Araz-Naxçıvan»da ab-hava gərgindir. Əksər futbolçular təsir altındadır.

Kənar qüvvələr çox müdaxilə edir onlara.

Demçenkonu Azərbaycana gətirmiş Ceyhun Sultanov və digər rəsmilər qaçıb gizlənib bu arada, Eldəniz Yusifov yalqız qalıb ortalıqda.

Adını çəkdiyimiz icraçı direktor nə qədər təcrübəli funksioner olsa da, kontrabasda təkbaşına nə edə bilər ki?

Klubun bütün yükü onun üzərindədir, bir canıyla neçə işin arxasınca qaça bilər ki?

İki əli, iki ayağı var, hər yerə qaçası, hər problemi həll edəsi deyil ki? Bu, fiziki və psixoloji cəhətdən qeyri-mümkündür.

Zaur Axundov «Araz-Naxçıvan»ı düzənə çıxarmaq, atmosferi düzəltmək istəyirsə, bir çıxış yolu var - əlaqələrini işə salıb, komandanı daxildən parçalamış, futbolçuların fikrini dağıtmış, hədəfdən yayındırmış şəxsləri tapıb üzə çıxarmaq.

Onların kimliyini müəyyənləşdirmədən, arxa küçələrdə başqa planlar quranları de-şifrə etmədən komanda heç cür düzəlməyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti