Anatoli Demçenko mövsümün sonunda «Araz-Naxçıvan»ı tərk edəcək.
Bu barədə saytımıza klubdan məlumat verilib.
Redaksiyamıza ötürülən informasiyaya görə, klub rəhbərliyi sözügedən baş məşqçi ilə bağlı yekun qərarını çıxarıb.
«Ağ-qırmızılar» yanvarın 4-də komandanın başına keçən ukraynalı mütəxəssislə işbirliyini davam etdirmək niyyətində deyil.
Çünki yönətim 49 yaşlı çalışdırıcının kollektivi avrokuboklara aparacağına artıq inanmır.
O, bunu bacarsa belə, mayın sonunda əməkdaşılğa nöqtə qoyulacaq. Baxmayaraq ki, müqavilədə bununla əlaqəli bənd var.
Həmin bəndə əsasən, «Araz» beynəlxalq turnirlərə vəsiqə qazanarsa, sözləşmə daha 1 il uzadılmalıdır. Belə olan halda, Muxtar Respublika təmsilçisi Demçenkoya müəyyən qədər təzminat ödəyərək, yolları ayıracaq.
Klubun başbilənləri hesab edir ki, ukraynalının oyun modeli onlara uyğun deyil. Digər tərəfdən, futbolçular onunla işləməkdən çox rahatsızdır.
Demçenkonun tətbiq etdiyi gündəlik məşq prosesi oyunçularda narahatlıq yaradıb. Elə gün olmur ki, kollektiv üzvləri baş məşqçidən şikayətlənmək məqsədi ilə rəsmilərin qapısını döyməsin. Bir sözlə, hamı boğaza yığılıb.
Ölkə kuboku ilə 1/8 final mərhələsində vidalaşmış «Araz-Naxçıvan» Premyer Liqada yaxşı günlər yaşamır.
Qış fasiləsindən sonra Elmar Baxşıyevi istefaya yollamış Naxçıvan təmsilçisi 22 tur ərzində 33 xal toplayıb və turnir cədvəlinin beşinci sırasında «mənzillənib».
SPORTİNFO.AZ

