Yanvarda «Araz-Naxçıvan»ın sükanı arxasına keçən Andrey Demçenko komanda üzvlərini «boğaza yığıb».
Bu barədə futbolçuların bir neçəsi saytımıza məlumat verib.
Onların bildirdiyinə görə, yeni baş məşqçi gündəlik iş rejimi ilə hamını bezdirib. Belə ki, ukraynalı çalışdırıcı demək olar hər gün 1 saat nəzəriyyəyə həsr edilmiş toplantı keçirir:
«O, məşq keçməkdən çox, danışmağa üstünlük verir. Hər gün iclas edir.
Dayanmadan bir saat danışır. Bir çoxumuz həmin vaxt yuxulayırıq. Çünki Demçenko çox vaxt eyni şeylərdən danışır.
Bəzən Elmar Baxşıyevə şükür edirik. Əvvəlki baş məşqçimiz nəzəri söhbətlərə maraq göstərmirdi.
Burada işlədiyi müddətdə bir dəfə görmədik ki, rəqibləri analiz eləsin. Onun belə şeylərlə arası yoxdur.
Demçenko isə hər məşqdən qabaq bizi yığıb, həm öz oyunumuzu, həm də rəqibimizi analiz edir. 10-15 dəqiqə danışsa, heç nə demərik.
Amma 1 saat... Axı bu, nə deməkdir?
Başqa klubların heç birində bu qədər iclas eləmirlər. Biz məşqdə çox yorulmuruq.
O yorğunluğu iclasda alırıq. Üstəlik, hər xırda səhvə görə bizi danlayır.
Bilmək istəyirsizsə, komandanın son iki ayda zəif çıxış etməsinin əsas səbəblərindən biri budur. Demçenkonun məşqləri zəifdir.
Sanki uşaq bağçasındayıq. Məqlərdə çox hərəkət etmirik, yerimizdə dayanırıq.
Məşqlərdən çıxanda, adətən, formaları yumağa ehtiyac qalmır. Çünki meydançaya «quru» girib, «quru» çıxırıq».
SPORTİNFO.AZ

