Yanvarda yeni işinə «bismillah» eləyən Andrey Demçenko Azərbaycanda qələbə və məğlubiyyət sayını
Yevlaxda bərabərləşdirdi. Felipe Santos ukraynalı baş məşqçinin üzündəki kədəri dağıtdı.
Braziliyalı vinger «Karvan»la matçın qismətini təkbaşına yazdı. «Araz-Naxçıvan» bu qələbə ilə yenidən medallar uğrunda yarışmaya qayıtdı.
Sonadək bu səhnədə duruş gətirəcəklərmi? Sualın cavabını hələlik nə mən bilirəm, nə də Demçenkonun özü.
Bundan sonrakı gedişatı klubun maliyyə vəziyyəti müəyyənləşdirəcək. Təəssüf ki, həmin istiqamətdə yaxşı xəbərlər gəlmir.
Prezidenti axtarışa verilmiş «Araz» maddi cəhətdən yaranmış çətinliklərini vaxtında həll eləsə, bütün nəzərlər Demçenkoya yönələcək.
Həll edə bilməsələr, yeni baş məşqçi üzləşəcəyi uğursuzluğa don geyindirmək üçün cibə girməyəcək, bəhanələri o dəqiqə masanın üzərinə düzəcək.
Felipenin Yevlaxda vurduğu ilk qolu seyr edənlər gördü - komanda yoldaşları braziliyalını təbrik etməyə tələsdi, ona tərəf ayaqlarını sürüyə-sürüyə gəldilər.
Bir komandadakı ab-havanın necəliyini öyrənmək üçün bundan ideal əyani vəsait ola bilməz.
Demək ki, son iki qələbənin suları durultmasından danışmaq tezdir, hələ bir müddət də gözləməliyik.
MUSA

