Qış fasiləsindən sonra ilk qələbəsini 20-ci turda qazanan “Araz-Naxçıvan” növbəti 3 xalın arzusundadır.
Andrey Demçenkonun rəhbərlik etdiyi kollektiv səfərdə “Karvan-Yevlax”ın qonağı olacaq.
Yevlaxlılar 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasına baxmayaraq, “Zirə”ylə səfər qarşılaşmasında yeganə qolla uduzaraq mübarizliyini ortaya qoydu.
Üstəlik, alışdıqları süni örtükdə, doğma azarkeşlərinin önündə oynayacaq.
“Karvan-Yevlax” – “Araz-Naxçıvan” matçından əvvəl Sportinfo.az-a danışan 34 yaşlı Ramon Maçado komandasının iddiasından söz açıb:
“Ardıcıl 3 oyunluq uğursuz nəticələrdən sonra vacib olan qələbə idi ki, onu da “Sumqayıt”ı məğlub etməklə qazandıq. İndi komandada yüksək ab-hava hökm sürür, psixoloji durum yaxşılaşıb.
“Karvan-Yevlax”ın öz meydanında oynaması onlar üçün üstünlükdür. Azarkeşlərin qarşısında uğursuzluğa son qoymaq istəyirlər. Qələbə qazanmaq üçün riskə getdəcəklər.
Üstəlik, süni örtükdə oynamağa alışıblar. Biz isə təbii qazondan istifadə edirik.
Bundan sonra heç-heçəni, yaxud məğlubiyyəti düşünməyə vaxtımız yoxdur.
Məqsədimiz növbəti qələbəni qazanıb, avrokuboklara vəsiqə uğrunda mübarizəni davam edirməkdir. Komanda olaraq birlik nümayiş etdirməklə qələbə qazanacağımıza inanıram”.
Fevralın 21-də Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 14:30-da çalınacaq.
HƏBİB

