Yeni baş məşqçi hər gün iclas keçirir, 1 saat danışır, danlayır… NÖVBƏTİ ŞİKAYƏT

14:40 Araz-Naxçıvan 224
Yeni baş məşqçi hər gün iclas keçirir, 1 saat danışır, danlayır… NÖVBƏTİ ŞİKAYƏT

“Araz-Naxçıvan”ın Azərbaycan çempionatının 19-cu turunda “Sabah”la matça (1:4) gecikməsinin səbəbi müəyyənləşib.

Klubun mətbuat katibi Mahal Məmmədov bildirib ki, gecikmə baş məşqçi Andrey Demçenkonun oyunöncəsi iclası ilə bağlı olub və komanda meydana təxminən 2 dəqiqə gec çıxıb:

“Bu, klubumuzun tarixində ilk belə hadisədir. Sadəcə, baş məşqçi vaxtı düzgün hesablamayıb”.

AFFA gecikməni nəzərə alaraq, “Araz-Naxçıvan”ı 3000 manat məbləğində cərimələyib. Beləliklə, ukrynalı çalışdırıcının əlavə təlimatının hər dəqiqəsi kluba 1500 manata başa gəlib.

“Araz-Naxçıvan”ın futbolçuları bu mövzuda redaksiyamıza maraqlı məlumat verib. Onların bildirdiyinə görə, ümumiyyətlə, yeni sükançı danışmağa çox üstünlük verir.

Yanvarda komandanın başına keçmiş mütəxəssis demək olar hər gün iclas çağırır, 1 saatdan artıq müzakirə aparır. Belə toplantılar əksər hallarda ayrı-ayrı futbolçuların tənqidinə həsr olunur.

Bu isə kollektiv daxilində heç də xoş qarşılanmır.

Oyunçular bir neçə dəfə rəsmilərə mövcud vəziyyətdən şikayətlənib, yığıncaqların yorucu hal almasını diqqətə çatdırıb. Fəqət, idarəçilər baş məşqçinin iş prosesinə qarışmadıqlarını söyləməklə yaxalarını kənara çəkiblər.

Muxtar Respublika təmsilçisi Demçenkonu görəvə gətirəndən sonra qələbəyə həsrət qalıb.

Ötən 1 ayda Premyer Liqada 3 oyuna çıxan «ağ-qırmızılar» yalnız «İmişli» ilə səfərdə heç-heçə edib (2:2), «Neftçi»yə 0:3, «Sabah»a 1:4 hesabıyla uduzub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti