“Araz Naxçıvan” batır… Onun üçün “google”dan atalar sözləri

23:00 Araz-Naxçıvan 90
“Araz Naxçıvan” batır… Onun üçün “google”dan atalar sözləri

Heyif o komandadan. Heyif o ab-havadan. Heyif o kollektivdən.

Məhv olub getdi. Bir-iki nəfərin işbaz əməlinin qurbanı oldu. Bundan sonra çətin düzələ.

“Araz-Naxçıvan”ı deyirəm.

2024-ün yayında Elmar Baxşıyevin min bir zəhmət bahasına ordan-burdan yığıb gətirdiyi, əksəri keçmiş “Qəbələ”li olan futbolçuların hesabına formalandırdığı komanda ötən mövsümün yekununda klub tarixində ilk dəfə avrokuboklara vəsiqəni təmin edə bilmişdi.

Büdcəsinə görə “Neftçi”ylə “Turan Tovuz”dan geri qalan “ağ-qırmızılar” hər ikisi rəqibini qabaqlayıb, Konfrans Liqasına vəsiqəni təmin etmiş, “Aris” səddini keçməklə ciddi səs-küyə səbəb olmuşdu.

Lakin mövcud durum kim(lər)əsə sərf etmirdi. Baxşıyevin “başını yeyib”, öz əməllərini həyata keçirmək üçün gecə-gündüz Zaur Axundovun qulağını dolduran şəxs(lər) yekunda uğurlu baş məşqçi ilə yolların ayrılmasına nasil oldu.

Aərbaycanlının yerinə məşqçilik karyerasında ciddi mənada uğur qazanmamış ukraynalı Andrey Demçenko dəvət olundu.

Demçenko kollektivə rəhbərlik etdiyi gündən “Araz-Naxçıvan” meydana çıxdığı 3 rəsmi oyunun heç birində qələbə qazanmayıb.

“İmişli”li ilə qarşılaşmada məğlubiyyətdən son saniyələrdə qaçıb, “Neftçi”ylə “Sabah” isə hərəyə 4 qol vurmaqla qapısını aşsüzənə döndərib.

Nə oyun var, nə futbol, nə futbol adına hansısa element, nə istək, nə mübarizə. O boyda “Araz-Naxçıvan” dönüb olub “Karvan-Yevlax”ın tayı. Gələn də vurur, gedən də.

“Neftçi”nin 6-cı pilləni ələ keçirməsinə bir şey qalmayıb. Bu gün-sabah “Şamaxı” da gəlib keçəcək.

Yəqin ki, fitvaya gedən Axundov indi komandanın oyununa və nəticələrinə baxıb dərdindən köks ötürür və məlum ideyanı ağlına salan(lar)a tərs-tərs baxıb ürəyindən keçənləri deyir.

Artıq gecdir. Bundan sonra nə etsələr də, mümkün deyil. Dua etsinlər ki, 5-6 turdan sonra avrokuboklara vəsiqə hədəfi elitada qalmaq məqsədi ilə əvəzlənməsin.

Zaur bəy növbəti oyunların gedişində əlindəki telefonun “google” tətbiqinə daxil olub, “axtarış” bölməsində “Halallıq haqqında sözlər” yazsa, Baxşıyevin o şəkildə yola salınması ilə bağlı qarşısına bilirsiniz nə qədər atalar sözü çıxacaq?

- Halal artar, haram batar.

- Haram gəldi halalı apardı.

- Halallıq olmayan yerdə ruzi-bərək olmaz.

- Ev yıxanın evi olmaz.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti